Startapçı şagirdlərlə bağlı görüş

Startapçı şagirdlərlə bağlı görüş Bakı Ali Neft Məktəbi (BANM) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi arasında startapçılarla bağlı görüş keçirilib.
BŞTİ-nin müdiri M.Vəliyeva bildirib ki, yeni dünya bu günün şagirdlərindən öyrənmək bacarığı, komandada işləmək vərdişləri, kreativlik, təşəbbüskarlıq və liderlik keyfiyyətləri tələb edir. XXI əsr bacarıqlarının aşılanması, uşaqlara eyni müstəvidə düşünmək imkanının yaradılması, həmçinin məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsi, onların yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılmasına xidmət edən startapçılıq hərəkatının başlanılması üçün səylərin birləşdirilməsi olduqca əhəmiyyətlidir. O, startapçı məktəblilərə stimul üçün tələbə-şagird birliyinin yaradılmasının, ilkin mərhələdə startap layihələrinin məzmununda elmi-tədqiqat balansının artırılmasının vacibliyini bildirib. Həmçinin startap layihələri festivalının keçirilməsinin, startapçı şagirdlərlə bağlı elektron portalın yaradılmasının vacibliyinə də toxunub.
BANM-in rektoru E.Qasımov BŞTİ ilə əməkdaşlıqda və ölkənin qabaqcıl ali məktəblərindən biri olaraq startapçılarla işləməkdə maraqlı olduqlarını bildirib. O, startapçı uşaqların tədqiqatlara cəlb olunması, startap layihələrində elmi rəhbərlərlə birgə işləməyin vacibliyinə toxunub, ali təhsil ocağının laboratoriya və robototexnika mərkəzinin məktəblilərin ixtiyarında olduğunu da diqqətə çatdirib.
Paytaxtdakı 62 nömrəli məktəb-liseyin X sinif şagirdi, BŞTİ-nin ali məktəblərlə birgə həyata keçirdiyi startap proqramının rəhbəri Həsən Quliyev özünün startap layihələri, bu sahədəki fəaliyyətindən və müvafiq dünya təcrübələrindən danışıb. Gənc startapçı öz həmyaşıdlarına dəstək göstərməyə hazır olduğunu söyləyib.
Görüşdə paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində kömək göstərilməsi və bu istiqamətdə ali təhsil ocağı ilə birgə görülə biləcək işlərdən danışılıb, BŞTİ ilə BANM-in əməkdaşlıq perspektivlərinə dair fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər