Bakı Avropa Liseyində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı Avropa Liseyində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib Bakı Avropa Liseyində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Xocalı soyqırımı” adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Bakı Avropa Liseyinin dil və ədəbiyyat müəllimi Tünzalə İbadova açaraq, Xocalı soyqırımı haqqında məlumat verib, faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb.
Sonra tədbirin bədii hissəsi başlayıb. Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, musiqi və səhnəciklər nümayiş etdirilib. Xocalı həqiqətlərindən bəhs edən videoçarx izlənilib.
Sonra Xocalı soyqırımının şahidi olmuş Rəhilə Quliyeva çıxış edib.
- “O gecə həyat yoldaşımı, iki yaşlı oğlumu, qayınanamı, qayınatamı, dayımı, dayımın səkkiz yaşlı qızını, baldızımı, baldızımın həyat yoldaşını və körpə qızını, digər baldızımın həyat yoldaşını və oğlunu itirdim. Oğlumu qorumaq üçün onu kürəyimə bağladım. Özüm hamilə idim. Dörd yerdən güllə yarası almışdım. Ermənilər bizi arxadan atəşə tutdular. İki yaşlı oğluma dəyən güllə mənim və onun dünyaya hələ gəlməmiş bacısının həyatını qurtardı. Mənim körpə oğlum əsgər deyildi, düşmən tanımırdı, lakin şəhid oldu. Mən acılarımı sizinlə paylaşmaq deyil, bu dəhşətli hadisəni dünyaya çatdırmaq üçün buraya gəlmişəm”, - deyə ağrılı xatirələrini bölüşən Rəhilə Quliyevanı bütün tədbir iştirakçıları ayaq üstündə dərin və hüznlü bir sükut içində dinləyib, göz yaşlarını saxlaya bilməyiblər.
Liseyin direktoru Zülfiyyə Veysova çıxış edərək, Xocalı soyqırımının erməni millətçilərinin əsrlərlə xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin növbəti qanlı səhifəsi olduğunu vurğulayıb. Dövlətimiz tərəfindən uşaqlarımızın kiçik yaşlarından vətənpərvər ruhda tərbiyə edilməsi üçün böyük işlər görüldüyünü bildirib.
Tədbirdə məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər