Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Heydər Əliyevin rolu

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Heydər Əliyevin rolu Azərbaycan Xalq Cümhuriyyəti dövrü elə Heydər Əliyevin dediyi kimi, “tariximizin böyük və parlaq bir mərhələsi”ni təşkil edir. Cümhuriyyətin yaranması millətimizin özünütəsdiq aktı idi. Çünki xalqın millət kimi formalaşmasının ən mühüm göstəricisi müstəqil milli dövlətin yaranmasıdır ki, 1918-ci ildə Azərbaycan xalqı buna nail ola bilmişdi. Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadənin azərbaycançılıq ideyaları həmin vaxt Azərbaycanın gələcəyini düşünən insanların birgə fəaliyyəti və xalqın dəstəyi ilə demokratik əsaslı milli dövlətin yaranmasına gətirib çıxarmışdı. Bugünkü dünyada hələ də öz dövlətini qura bilməyən xalqlar var. Bu səbəbdən də milli dövlətin qurulması sosial-siyasi və mədəni hadisə kimi xalqın həyatının ən mühüm hadisəsi hesab olunmalıdır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova məlumat verib.
N.Əhmədova qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində mühüm rol oynayıb. Bu həm praktiki olaraq dövlətin idarə olunmasında, həm də dövlətçilik ideologiyasının formalaşdırılmasında özünü göstərib. Onun Azərbaycanda yenidən hakimiyyətə gəlməsi çox mürəkkəb, eyni zamanda, tarixi baxımdan mühüm bir dövrə düşmüşdü. Yanvar hadisələrindən sonra 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev burada dərhal siyasi fəaliyyətə başlamışdı. Fəaliyyətinin ilk günlərindən də o, artıq açıq şəkildə öz məqsəd və hədəflərini elan etdi. 1991-1993-cü illərdə Naxçıvan Ali Sovetinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olması və Ali Sovetin sessiyalarında iştirak etməsi ona hətta dövlət başçısı olmasa da, siyasi hadisələrin gedişinə təsir etmək imkanı verirdi. Heydər Əliyevin məqsədi müstəqil milli dövlətin yaradılması idi. Milli dövlətçilik məsələsi millətin tarixi ilə sıx bağlı olan məsələ olduğundan təcrübəli siyasi xadim kimi Heydər Əliyevin də diqqəti bu məsələyə yönəldi. Müasir Azərbaycan dövlətinin qurulması üçün demokratik dövlətçilik tarixinin nümunəvi funksiyasını gözəl başa düşən Heydər Əliyev dərhal bu məsələyə öz münasibətini bildirdi. Beləliklə, Ümummilli Lider həm də 80-ci illərin sonlarından başlayan milli-azadlıq hərəkatından sonra xalqın kollektiv şüuruna hakim olan cümhuriyyətçilik ideyasını dəstəkləmiş oldu. Heydər Əliyev Cümhuriyyətin Azərbaycan tarixindəki rolunu nəzərə alaraq öz siyasi kursunun həyata keçirilməsində, demokratik milli dövlətçiliyin möhkəmləndirilməsi siyasətində Cümhuriyyətin mövcudluğu faktorundan istifadə etmiş, onun tarixinin öyrənilməsi və təbliğinə diqqət yetirmişdi.
Heydər Əliyevin mövqeyi ilk dəfə xalqın arzusuna uyğun olaraq Cümhuriyyətin üçrəngli bayrağının yenidən Dövlət Bayrağı kimi qəbulunda göründü. Belə ki, 1990-cı ilin noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR-in 12-ci çağırış Ali Məclisin ilk sessiyası Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul etmişdi. Ən əsası isə muxtar respublikanın Аli Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.
Heydər Əliyev, eyni zamanda, Cümhuriyyətin süqutu ilə nəticələnən aprel işğalına da siyasi qiymət verilməsini tələb edirdi. O, tələb edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük bir inqilabi hadisə kimi qəbul edilməli, 1920-ci ildə Cümhuriyyətin devrilməsi pislənməlidir. 1991-ci ilin avqustunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbulu ilə bağlı iclasda Heydər Əliyev qətiyyətlə bildirdi ki, 1920-ci il aprelin 28-də Azərbaycanın işğal edilməsi bu bəyanatın mətninə mütləq əlavə olunmalıdır.
Ulu Öndər ziyalılarla görüşündə də Cümhuriyyəti Azərbaycan tarixinde böyük siyasi-ictimai hadisə kimi qiymətləndirdi. O bildirirdi ki, Məhəmməd Əmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin əvvəlində və xüsusən 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş görmüşlər. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. “Onların heç birinə toxunmaq olmaz”,- deyən Heydər Əliyev, eyni zamanda, Azərbaycan tarixinin obyektiv yazılması üçün çağırış etmişdi. Heydər Əliyev AXC tarixindən Azərbaycan Respublikası tarixinə bir körpü yaradırdı. O öz çıxışında AXC-dən başlayaraq müasir Azərbaycana qədər tarixi varisliyi əsaslandırır və xalqın bütövlüyü, millətin bütövlüyü, milli mənafe, xalqın mənafeyinin bütövlüyünü təbliğ edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı özünün daha aydın münasibətini Ümummilli Lider Heydər Əliyev 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə ifadə etmişdi. Ümummilli Liderin bu çıxışı həm də siyasi əhəmiyyət daşıyan mühüm addım idi. Məlum olduğu kimi, 1993-cü ildə Qarabağda müharibə, ölkə daxilində siyasi böhranın güclənməsi və mövcud hakimiyyətin böhranı aradan qaldırmağa müvəffəq olmaması respublikada ciddi qarşıdurmaya gətirib çıxarmaq üzrə idi. 1993-cü ilin yayında Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınsa da, erməni təcavüzü, iqtisadi böhran aradan qalxmayınca, təhlükə qalmaqda idi.
1994-cü il mayın 27-də çıxışı zamanı Heydər Əliyev demişdi: “Azərbaycan xalqı kommunist rejimində ümumittifaq sosialist dövləti tərkibində olduğundan, şübhəsiz ki, müstəqilliyi itmiş, ancaq dövlətçiliyini tam itirməmişdi”. Göründüyü kimi, Heydər Əliyev azərbaycançılıq ideyasının təbliği və milli birliyə nail olmanın standartını müəyyən edirdi. Tarixşünaslıqda mövcud tendensiyanı düzgün müəyyən etmişdi.
Ulu Öndər, həmçinin varislik prinsipini rəhbər tutaraq ordu və dövlətin müxtəlif strukturlarının yaranması tarixinin də məhz sovet dövründəki deyil, Cümhuriyyət dövründəki tarixdən götürməyi təklif etmişdi. Nəticədə həm təhlükəsizlik, həm daxili işlər, həm gömrük orqanlarının hər birinin tarixi Cümhuriyyət dövründəki tarix götürülməklə qeyd olunmağa başlandı. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı. O qətiyyətlə bildirirdi ki, “Azərbaycan dövləti - Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli Sərəncamında da varislik prinsipi bir daha qeyd edildi.
Təbii ki, 1993-2003-cü illərdə Heydər Əliyevin bu mövqeyi Cümhuriyyət tarixinin öyrənilməsi və tədqiqi prosesinə ciddi təsir etmişdi. Təsadüfi deyil ki, bu illər ərzində Azərbaycan tarixinin ən çox tədqiq olunan istiqamətlərindən bəlkə də birincisi Azərbaycan Xalq Cümhuriyyəti tarixi idi. Həmçinin Azərbaycan xalqına qarşı soyqırımların tarixinin araşdırılmasına diqqət artırıldı. Xüsusən qeyd etmək lazımdır ki, 1998-ci ildə “Azərbaycan Demokratik Respublikası 1918-1920” və “Azərbaycan Demokratik Respublikası. Ədəbiyyat, dil, mədəniyyət” adlı kollektiv monoqrafiyalar çap edildi. Cümhuriyyət tarixinə dair parlament, ordu, hökumət, xarici siyasət məsələlərinə aid sənədlərdən ibarət 5 toplu nəşr olundu. Cümhuriyyət xadimlərindən Məhəmməd Əmin Rəsulzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Mirzəbala Məmmədzadənin, Adil xan Ziyadxanovun, Əlimərdan bəy Topçubaşovun və digərlərinin məqalə və əsərləri, Cümhuriyyət tarixinin müxtəlif məsələləri ordu, hüquq sistemi, sərhəd mühafizəsi, milli siyasət, xarici və daxili siyasət, Cümhuriyyət mühacirlərinin fəaliyyəti ilə bağlı əsərlər işıq üzü gördü. Azərbaycan xalqına qarşı soyqırımların tarixi ilə bağlı ilk toplu 2001-ci ildə çap olundu. Ən əsası ondan ibarətdir ki, bu günədək tarixşünaslığımızda Cümhuriyyət tarixinə maraq getdikcə artmaqdadır. Heydər Əliyev Cümhuriyyət tarixinə münasibətini həm də azərbaycançılıq ideyasına münasibətdə ifadə edirdi. Belə ki, Məhəmməd Əmin Rəsulzadə tərəfindən irəli sürülən azərbaycançılıq ideyasının Heydər Əliyevin siyasəti nəticəsində yenidən həyat qazanaraq bu gün dünya azərbaycanlılarını birləşdirən bir ideologiyaya çevrilməsi də müdrik siyasətin nəticəsi idi. Ümummilli Lider deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Sonda fikrimi Ümummilli Liderin Azərbaycan Xalq Cümhuriyyətinə dair söylədiyi dəyərli kəlamları ilə bitirmək istərdim: “Azərbaycan xalqının çoxəsrlik tarixində nailiyyətlər də olubdur, ağır dövrlər də olubdur, qələbələr də olubdur, məğlubiyyətlər də olubdur. Ancaq bizim xalqımızın tarixində müstəqilliyi əldə etmək qədər böyük xoşbəxtlik – dövlət müstəqilliyi kimi xoşbəxtlik olmayıbdır”.

Tehsil-press.az


Oxşar xəbərlər