Pedaqoji Universitet Avropa Müəllim Təhsili Şəbəkəsinin beynəlxalq konfransında təmsil olunub

Pedaqoji Universitet Avropa Müəllim Təhsili Şəbəkəsinin beynəlxalq konfransında təmsil olunub Avropa Müəllim Təhsili Şəbəkəsi (ETEN) tərəfindən Almaniyanın Nürnberq şəhərində yerləşən FAU universitetində “Müəllim təhsili – qlobal + yerli bağlantı qurmaq” mövzusunda beynəlxalq konfrans keçirilib. On altı ölkədən pedaqoqların iştirak etdiyi konfransda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və Mərkəzin üç əməkdaşı, eləcə də iki magistrant və iki bakalavriat tələbəsindən ibarət 8 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.
Avropa Müəllim Təhsili Şəbəkəsi əməkdaşlıq, mübadilə, tədqiqat və nəşr imkanları baxımından beynəlxalq müəllim təhsilinə diqqət yetirən universitetlər və digər təhsil müəssisələri üçün platforma rolunu oynayan qeyri-kommersiya təşkilatıdır. ETEN hər il müəllim təhsili sahəsində fərqli mövzularda beynəlxalq konfrans təşkil edir ki, bu da təhsil işçilərinə beynəlxalq profillərini yüksəltmək və təcrübə mübadiləsi imkanı verir.
Üç gün davam edən konfransda ADPU nümayəndə heyəti müxtəlif mövzularda keçirilən təlim və müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, bu kimi konfranslar akademik heyət və tələbələr üçün, eləcə də beynəlxalq səviyyədə tanışlıq şəbəkələrini genişləndirmək, bilik və təcrübə mübadiləsi, eləcə də təhsildə yeni tendensiyaları öyrənmək baxımından unikal imkanlar yaradır.
Növbəti konfransın 2024-cü ilin aprel ayında Niderlandda yerləşən NHL Stenden Universitetində keçirilməsi planlaşdırılır.

Tehsil-press.az




Oxşar xəbərlər