Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri BANM-də

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri BANM-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin rəhbərliyi və yuxarı sinif şagirdləri ilə görüşü olub.
Rektor E.Qasımov görüşün BANM ilə Məktəb-Lisey Kompleks arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində təşkil olunduğunu bildirib.“Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi Azərbaycanın qürur yeridir. Burada təhsil almaq şərəfli, eyni zamanda, məsuliyyətlidir. Gələcəkdə seçəcəyiniz ixtisasda, peşədə və həyatınızda bu adı layiqincə qoruyub saxlayacağınıza inanırıq. BANM-in tələbələri sizin kimi yüksək bilik, savad və intellektə malik şagirdlər olublar. Sizin də gələcəkdə BANM-in tələbəsi adını qazanmağınız bizi sevindirər”, - deyə rektor qeyd edib.
BANM-in SOCAR-ın strukturunda yaradıldığını xatırladan E.Qasımov burada ingilisdilli peşəkar kadrlar yetişdirildiyini söyləyib. O bildirib ki, bu ali məktəbin tələbə və məzunları ölkəmizin ən dəyərli insan kapitalları arasındadır.
Kompleksin icraçı direktoru Aqşin Bağırov BANM ilə əməkdaşlığın kompleksin fəaliyyətinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin BANM-in ixtisasları və keçid balları, tədris prosesi, fəaliyyət istiqamətləri, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları barədə ətraflı məlumat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər