ADU-da professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi qeyd olunub

ADU-da professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi qeyd olunub Azərbaycan Dillər Universitetində (ADU) görkəmli dilçi-alım, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru akademik Kamal Abdulla professor Fəxrəddin Veysəllinin elmi fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, elmdə öz sözü və yolu olan görkəmli alimin dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində xidmətləri danılmazdır. Tanınmış alim olaraq o, Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərib, onlarca namizədlik və doktorluq dissertasiyalarına rəy verib. Qazax, özbək və türkmən alimlərinin doktorluq dissertasiyalarının müdafiəsi onun opponentliyi ilə keçib. Onun elmi fəaliyyəti nəinki Azərbaycan, həm də dünya elminə öz töhfələrini verib. Müəllifi olduğu elmi-metodik vəsaitlər, dərsliklər ali təhsil ocaqlarının əsas tədris bazası rolunu oynayır. Fəxrəddin müəllim elmi fəaliyyətində olduğu kimi, həyat yolunda da sadiq dost, qayğıkeş yoldaş kimi tanınır.
Rusiya Elmlər Akademiyasının kollektivinin yubilyara ünvanlanan təbrik məktubu oxunub. Məktubda Fəxrəddin Veysəllinin elmi yaradıcılığının yüksək dəyəri və əhəmiyyəti qeyd olunub.
Daha sonra BDU-nun tələbəsi Aişə Heybətli Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri səsləndirilib. Professor Fərman Zeynalov yubilyarın elmi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Fəxrəddin Veysəllinin 1989-cu ildə alman dilində çap etdirdiyi “Lehrbuch der deutschen Phonetik” monoqrafiyası mütəxəssislər tərəfindən çox yüksək dəyərləndirilib. Bir qədər sonra o, öz dilimizdə "Fonetika və fonologiya məsələləri" adlı kitab çap etdirir, dünyaşöhrətli alim R.O.Yakobsonun uşaq dili sahəsində şedevr sayılan kitabını ruscaya çevirib çap etdirib. Fəxrəddin Veysəlli məşhur fonoloq N.S.Trubeskoyun dünya dilçilik elminin incisi sayılan “Fonologiyanın əsasları” kitabını Azərbaycan dilinə tərcümə edərək onu öz vəsaiti hesabına çap etdirməklə dilçiliyimizin inkişafına güclü təkan verib. Onun dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də çoxşaxəli yaradıcılığının tərkib hissəsidir.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, professor Azad Məmmədov, şair Zakir Fəxri, professor Əsmətxanım Məmmədova, BSU-nun dosenti Yaşar Alxasov yubilyarı təbrik edib, ürək sözlərini söyləyiblər.
Tədbirin sonunda ADU tələbələrin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər