ADMİU-da tələbələrin yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı

ADMİU-da tələbələrin yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib.
Universitetin həyətində təşkil olunan tədbir ADMİU-nun xor kollektivi tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb. Daha sonra kollektivin ifasında müxtəlif musiqi nümunələri təqdim edilib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqlara “Gümüş nar” festivalı haqqında geniş məlumat verib. Hər il bu festivala cəmiyyətimizin ziyalılarının, mədəniyyət nümayəndələrinin marağının artmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Qeyd edib ki, bu il 100 yaşını qeyd edən ADMİU-nun tələbələri hər zaman öz yaradıcılıqlarında Azərbaycan tarixinin, mədəniyyətinin atributlarını, milli-mənəvi dəyərlərimizi əks etdirirlər. Eləcə də Azərbaycan incəsənətinin simvollarından biri olan nar da müxtəlif obrazlarda onların yaradıcılıqlarında əks olunur.
Sonra qonaqlar tələbələrin 100-ə yaxın əsərinin nümayiş edildiyi sərgi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, burada qrafika, yağlı boya, akvarel, quaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında işlənmiş əsərlər Rəssamlıq fakültəsinin tələbələrinin akademik bilik və vərdişləri ilə yanaşı, onların fərdi xüsusiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verilir. Sərgidə təqdim olunan işlər rəssam, qrafik, dizayner, xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilib.
Sərginin təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Gülnaz Mədətova rəhbərlik edib. ADMİU-nun Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevanın rəhbərliyi ilə Musiqi sənəti fakültəsi tələbələrinin bir-birindən gözəl ifaları festivala rəng qatıb.
Festivalda respublikanın müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri, Mədəniyyət Nazirliyinin və bir sıra qurumların nümayəndələri, ADMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər