Mədəniyyət və İncəsənət Universitetində Zəfər Günü qeyd olunub

Mədəniyyət və İncəsənət Universitetində Zəfər Günü qeyd olunub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
ADMİU-nun professor-müəllim heyətinin, qazi və müharibə iştirakçısı məzun-tələbələrinin iştirak etdiyi tədbir universitetin xor kollektivi tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, artıq iki ildir Azərbaycan böyük Qələbə ilə 30 ilə yaxın Qarabağ həsrətinə son qoyub. Bu Qələbə təkcə işğal altında olan torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətinin, siyasətinin və Ordusunun gücünün bütün dünyaya isbatı oldu.
Rektor 44 günlük Vətən müharibəsində ADMİU-nun da 50-dən çox tələbə, məzun və əməkdaşının iştirak etdiyini, onlardan 3-nün şəhidlik zirvəsinə yüksəldiyini xatırladıb. Qeyd edib ki, universitet olaraq həm şəhidlərimizin ailələri, həm də qazilərimiz və müharibə iştirakçılarımız hər zaman diqqətimizdədir. Onların gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olduğunu deyən Ceyran Mahmudova məhz bu cür igidlərimiz sayəsində Zəfərimizin əbədi olacağına əminliyini bildirib.
Tədbirdə ADMİU-nun dosenti, Əməkdar artist Ağalar Bayramov və Teatr sənəti fakültəsinin tələbələrinin ifasında Vətən və qələbə mövzusunda şeirlər səsləndirilib. Universitetin xor kollektivi Vasif Adıgözəlovun “Gözəl Şuşa”, Fikrət Əmirovun “Azərbaycan elləri” mahnılarını, ADMİU-nun orkestri isə vətənpərvərlik ruhlu musiqilər səsləndiriblər.


Tehsil-press.az


Oxşar xəbərlər