Mədəniyyət və İncəsənət Universitetində “Şuşa inciləri”

Mədəniyyət və İncəsənət Universitetində “Şuşa inciləri” Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Şuşa İli” çərçivəsində ali məktəbdə təşkil edilən silsilə tədbirlərin yekununa həsr olunmuş sərgi və geyim kolleksiyası nümayiş etdirilib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda elan edilmiş “Şuşa İli” çərçivəsində universitetdə bir sıra konfrans, seminar, sərgi, müsabiqə, dəyirmi masa və digər tədbirlərin keçirildiyini söyləyib. Bugünkü üçhissəli tədbirlə universitetdə “Şuşa İli”nə uğurla yekun vurulduğunu bildirib. Rektor Rəssamlıq fakültəsinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinin təqdim edəcəkləri yaradıcılıq nümunələrinin maraqla qarşılanacağına ümidvar olduğunu deyib.
Rəssamlıq fakültəsinin dekanı dosent Səyalı Quliyeva tədbirdə tələbələrin təqdimatında Qarabağın mühitini əks etdirən dəfilə, həmçinin Şuşaya həsr olunmuş rəsm əsərləri və posterlərin nümayiş etdiriləcəyini söyləyib. Digər çıxış edənlər azad Şuşaya həsr olunmuş tədbirlərə böyük ruh yüksəkliyi ilə hazırlaşdıqlarını vurğulayıblar.
Sonra Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarovun rəhbərliyi ilə “Şuşa, sən azadsan!” rəsm sərgisi, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Azər Abdullayevin rəhbərliyi ilə “Şuşa İli” poster sərgisi və həmin kafedranın baş müəllimi Nəzakət Səfərovanın rəhbərliyi ilə “Şuşa inciləri” adlı geyim kolleksiyası nümayiş etdirilib.
Sərgilənən əsərlərin əsas qayəsini zəfər, sevinc və qürur hissi təşkil edirsə, digər tərəfdən özünün məna-məzmun, forma-biçim və janr müxtəlifliyi ilə seçilən bədii nümunələrdə əksini tapmış Qarabağın memarlıq abidələri, musiqisi, xüsusilə muğam atributları və iri hərflərlə bədii görüntüyə gətirilmiş Şuşa adı sərgiyə xüsusi lirik-poetik ovqat bəxş edir. Sərgidə nümayiş olunan əsərlər arasında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin rəmzinə çevrilən xarıbülbül motivi də yüksək bədii-estetik tutumda təqdim edilib. Təsviri sənət, dizayn və dekorativ-tətbiqi sənət ixtisaslarında təhsil alan tələbələrin bədii yaradıcılıq nümunələri bir daha onu göstərir ki, universitetin Qarabağ, xüsusilə Şuşa və onun uğrunda şəhid olanların xatirəsinə ehtiramı ölçüyəgəlməzdir.

Tehsil-press.az

Oxşar xəbərlər