“Pillə 2” Tələbə Tamaşaları Festivalı davam edir

“Pillə 2” Tələbə Tamaşaları Festivalı davam edir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “Pillə 2” Tələbə Tamaşaları Festivalı davam edir.
Festivalda ADMİU-nun aktyor və rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin tamaşaları, o cümlədən Bakı Dövlət Universitetinin təqdim etdiyi “Yarımçıq qalmış” tamaşası nümayiş olunub.
İyunun 8-də festival çərçivəsində ADMİU “SABAH” kursları II tədris ili tələbələrinin ifasında Əməkdar artist Nofəl Vəliyevin quruluşunda Bertolt Brextin “Teresa Karrarın tüfəngləri” tamaşası oynanılıb. Müharibənin sadə xalqın həyatına vurduğu amansız zərbələrdən bəhs edən tamaşanın nümayişində Mədəniyyət Nazirliyinin teatr sektorunun müdiri Vəfa Novruzova, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyət Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Elçin Qafarlı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, ADMİU-nun rektoru professor Ceyran Mahmudova, universitetin professor, müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşəcək.
Qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olunacaq.
Festival tamaşalarının müzakirəsində tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu da iştirak edir. Festival haqqında ən yaxşı məqalə müəllifi olan tələbə də universitet tərəfindən mükafatlandırılacaq.
İkinci dəfə keçirilən “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.

Tehsil-press.az


Oxşar xəbərlər