Universitet-dövlət-sənaye əlaqələrindən bəhs edən tədqiqat layihəsinin nəticələri təqdim olunub

Universitet-dövlət-sənaye əlaqələrindən bəhs edən tədqiqat layihəsinin nəticələri təqdim olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) I qrant müsabiqəsinin qalibi olan “Universitet-dövlət-sənaye əlaqələrində kommunikasiya problemi: Kim nə istəyir” mövzusunda tədqiqat layihəsinin nəticələrinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin daxili vəsaiti hesabına ilk dəfə olaraq qrant müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb. O, müsabiqədə reallaşdırılan 6 layihənin qiymətləndirilməsinin universitetdənkənar qurum tərəfindən aparıldığını qeyd edib. Qalib olan layihənin mövzusunun aktuallığından danışan rektor layihəni icra edən UNEC Empirik Tədqiqatlar Mərkəzinin və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçılarına təşəkkürünü bildirib.
Rektor universitet-dövlət-sənaye əlaqələrinin qənaətbəxş olmadığını, tədqiqat zamanı bu istiqamətdə təhlillərin aparıldığını və tədqiqatın nəticələrin çap olunduğu kitabın universitetlərə, AMEA və Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarına, müvafiq özəl sektor nümayəndələrinə təqdim ediləcəyini deyib.
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Etibar Əliyev universitetlərin qrant layihələrinə cəlb olunmasının, universitet-dövlət-sənaye əlaqələrinin genişləndirilməsinin vacibliyindən danışıb, aparılan tədqiqatların davamlılığının yeni layihələrin ərsəyə gəlməsi baxımından əhəmiyyətini vurğulayıb.
Layihənin icraçısı, Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dosent Altay İsmayılov tədqiqatla bağlı önəmli məqamları diqqətə çatdırıb. O, universitet-dövlət-sənaye əlaqələrində kommunikasiyanın zəif olduğunu vurğulayaraq, biliktutumlu və innovasiyaya əsaslanan məhsulların hazırlanmasının vacibliyindən danışıb.
UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, kafedra müdiri dosent Xətai Alıyev reallaşdırılan layihə barədə təqdimatla çıxış edib, universitet-dövlət-sənaye əlaqələrində mövcud olan problemlər və onların həlli yollarından, aparılan sorğular və təhlillərdən danışıb. A.İsmayılov təhlilin nəticəsinə görə, universitet-dövlət-sənaye əlaqələrində problemin əsasən tərəflərarası inamsızlıq və tarixi trayektoriyalardan asılılıqdan qaynaqlandığı bildirib.
Sonra tədqiqatla bağlı suallar cavablandırılıb, təkliflər səsləndirilib. Tədbir universitet-dövlət-sənaye əlaqələrində kommunikasiyanın qurulması ilə bağlı müzakirələrlə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər