Çin dili üzrə beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib

Çin dili üzrə beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məktəblilərarası 16-cı “Çin dili körpüsü” adlı beynəlxalq müsabiqənin Azərbaycan üzrə final mərhələsinin seçim turu olub.
Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Beynəlxalq Təhsil Fondu və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar.
Azərbaycanda orta məktəb şagirdləri arasında Çin dilinin öyrənilməsi məqsədilə 16-ci “Çin dili körpüsü” müsabiqəsinin keçirilməsindən məmnun olduğunu vurğulayan Çinin ölkəmizdəki səfirliyinin müşavir-elçisi Dinq Tao deyib: “Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 31 il ərzində münasibətlər hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edib, dərinləşib və möhkəmlənib. Ötən ilin sentyabrında Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Zirvə toplantısında görüşərək, iki ölkə arasında əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsi ilə əlaqədar mühüm konsensus əldə ediblər. Bu ilin mart ayında Çin Xalq Respublikasının Sədri Si Cinpin dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətlə yanaşmağı tövsiyə edərək, sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı öyrənmə, dialoq və tolerantlıq prinsiplərinə sadiqliyin vacibliyini vurğulayaraq Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb. Bu kontekstdə Çin-Azərbaycan münasibətləri arasında humanitar əməkdaşlıq yüksək perspektivlər göstərərək, Çin dilini öyrənən və Çin mədəniyyətindən ilham alan azərbaycanlı gənclərə daha əlverişli imkanlar yaradıb”.
O qeyd edib ki, uzun bir tarixə malik olan Çin mədəniyyəti özlüyündə geniş və dərin bir sistemdir. 5000 illik Çin sivilizasiyasının mühüm daşıyıcısı olan Çin dili qədim tarixi irsə və zəngin mənəvi məzmuna malikdir. Əcnəbi orta məktəb şagirdləri üçün “Çin dili körpüsü” adlı Çin dili üzrə bilik yarışması artıq 15 dəfədir ki, Azərbaycanda uğurla həyata keçirilir. Beləliklə, Çin dilini öyrənən və Çin mədəniyyəti ilə maraqlanan gənclərin dil biliklərini, eləcə də şəxsi istedadlarını nümayiş etdirmələri üçün mühüm platformaya çevrilərək, Azərbaycanda çinşünasların hazırlanmasında böyük rol oynayır. Gələcəkdə daha çox azərbaycanlı orta məktəb şagirdləri Çin mədəniyyətinin dərinliyini yaxından öyrənəcək, Çin xalqının mehribanlığını və səmimiliyini duyacaq, Çin modernləşmə üslubu dövrünün nəbzini hiss edərək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpüsü”nə çevriləcəklər, eləcə də Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına öz müsbət töhfələrini verəcəklər.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb və müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib. “Bir neçə ildir ki, universitetimiz bu müsabiqəyə ev sahibliyi edir. Bu müsabiqənin universitetimizdə keçirilməsi təsadüfi deyil, belə ki, universitetimizin adı dillərlə bağlıdır. Tələbələrin müxtəlif dil və mədəniyyətlərlə təmas etməsi üçün biz hər il yeni proqramlar açırıq. İkinci tərəfdən, Konfutsi İnstitutu vasitəsilə tələbələr Çin dili və mədəniyyətinə yiyələnirlər. Bu institutun universitetimizdə olmağı təkcə tələbələrə deyil, həm də Azərbaycanda Çin dili və mədəniyyəti ilə maraqlanan gənclərə, o cümlədən əhalinin bütün təbəqələrinə xidmət edir. Çin dünyaya səs salmış ənənə və fəlsəfəyə sahib olan toplumdur. Əlbəttə ki, bu dilin, mədəniyyətin öyrənilməməsi istənilən bir fərdin inkişafında boşluq kimi dəyərləndirilə bilər. Universitetimiz bu prosesdə körpü rolunu oynayır. Buna görə də bu tədbiri yalnız dəstəkləmək bizə düşür. Ümidvarıq ki, gələcəkdə bu kimi tədbirlərin davamı gələcək”, - deyə prorektor əlavə edib.
Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinlə Azərbaycan arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb. O, 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dövlətimizin başçısı “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalayıb. Məhz bu sənəd gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. Bundan sonra “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin “yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başladı, tərəfdaş ölkələr arasında ictimai-siyasi dialoq fəallaşdı, həmçinin Konfutsi İnstitutu şəbəkəsi genişləndi. Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. Ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak etdiyi bir vaxtda Azərbaycanda onlarca Çin şirkəti fəaliyyət göstərir, turizm sahəsində mübadilə genişlənir, müntəzəm olaraq Çin dili üzrə ixtisaslaşmış tərcüməçilərə tələb artır. Digər tərəfdən isə Çin dilini öyrənməyə artan maraq Çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqədardır. Bu il martın 28-də isə Konfutsi İnstitutu tələbələr və Çin dili kurslarının dinləyiciləri üçün “Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsi elan edib. Müsabiqə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Müsabiqənin məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.
Daha sonra müsabiqə 3 mərhələdə davam edib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, bədii nömrələr nümayiş etdiriblər.
Sonda qaliblər mükafatlandırılıb. Müsabiqənin bütün iştirakçıları sertifikat əldə ediblər.
ADU-nun Konfutsi İnstitutunun tələbəsi Sofiya Qarayeva I yerə layiq görülüb. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Onlar, həmçinin ADU-nun Konfutsi İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlana biləcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər