Bu il Azərbaycan İlahiyyat İnstitutundan 50 tələbə məzun olur

Bu il Azərbaycan İlahiyyat İnstitutundan 50 tələbə məzun olur Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Məzun günü” keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Aİİ-nin tələbəsi Turqut Alışov tərəfindən “Quran tilavəti” təqdim edilib.
Tədbirdə çıxış edən Aİİ–nin rektoru dosent Aqil Şirinov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İnstitutun artıq beş ildir fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor vurğulayıb ki, ali təhsil müəssisəsi məzunlarını ikinci dəfədir yola salır. İnstitutun dövlət qayğısı ilə tam əhatə olunduğunu bildirən rektor vurğulayıb ki, müəssisənin əsas məqsədi yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, dövlətçiliyə bağlı, Vətənini sevən mütəxəssislər hazırlamaqdır. Tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi müasir dünyanın reallıqlarına uyğun şəkildə və birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncamla təsis edilən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Komitə sədri institutun yaradılmasının həm ölkəmiz, həm region, həm də müsəlman dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb, Aİİ-nin artıq Qafqaz bölgəsi üzrə dini təhsil sahəsində xüsusi yeri olduğunu diqqətə çatdırıb. İnstitutun beş ildir fəaliyyət göstərdiyini bildirən M.Qurbanlı qeyd edib ki, ali təhsil müəssisəsi bu müddət ərzində dini kadr sahəsində güclü kadr hazırlığı həyata keçirməyə nail olub.
İlahiyyat İnstitutunun professor-müəllim heyətini və tələbələri “Məzun günü” münasibətilə təbrik edən Komitə sədri məzunlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Onların cəmiyyətimizə, dövlətimizə layiq kadr olacaqlarına, xalqımızın milli-mənəvi dəyərlərinin daha geniş təbliğ olunmasına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev məzunlara ilahiyyatçı olaraq ölkəsini mükəmməl təmsiletmə məsuliyyətini anlamağı, bu müqəddəs peşənin öhdəsindən layiqincə gəlməyi arzulayıb. O, bu məsuliyyətli vəzifədə məzunlara uğurlar diləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, dünyada bir çox münaqişələr dini zəmində törədilir. Bu kimi mənfi hallardan cəmiyyətimizi, dövlətimizi qorumaq isə əsas vəzifəmizdir. S.Heydərov dini mövqedə ölkəmizə qarşı edilən təhdidlərlə mübarizədə Aİİ məzunlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Sizin ümdə vəzifəniz dinimizi olduğu kimi cəmiyyətimizə çatdırmaqla yanaşı, milli-mənəvi dəyərlərimizə sahib çıxmaqdır”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Aİİ məzunlarının cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində xüsusi rol oynayacaqlarını bildirib. O, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli qeyd edib ki, Aİİ məzunlarının ölkəmizin hər bir nöqtəsində dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm işlər görəcəklərinə, multikultural və tolerant mühitin qorunmasında əllərindən gələni əsirgəməyəcəklərinə inam böyükdür.
Aİİ-nin məzunları adından çıxış edən Günel Aslanova ali təhsil müəssisəsinin kollektivinə təşəkkürünü bildirib. Bu ali təhsil müəssisəsindən məzun olmağın qürurunu yaşayan G.Aslanova bildirib ki, dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzusu idi və bu istəyinə yetişib. O qeyd edib ki, əsas məqsəd İslamı və digər dinləri daha mükəmməl öyrənmək və insanlara doğru şəkildə çatdırmaqdır.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonda Azərbaycan İlahiyyat İnstitutunun məzunları Tələbə Andı səsləndiriblər.
Qeyd edək ki, bu il İlahiyyat İnstitutundan 50 tələbə məzun olur.

Tehsil-press.az



Oxşar xəbərlər