Dövlət İdarəçilik Akademiyasından 393 bakalavr, 96 magistr məzun olub

Dövlət İdarəçilik Akademiyasından 393 bakalavr, 96 magistr məzun olub Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tələbələrinin “Məzun günü” keçirilib. Tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, professor-müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.
Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənib-hazırlanaraq tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Rektor Zəfərin 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Akademik U.Ələkbərov Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu bildirib. Vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın da müstəsna xidmətləri var.
Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir.
Rektor əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrların perspektiv imkanlarını təhlil edib, Prezident İlham Əliyevin biliyə, təhsilin inkişafına göstərdiyi diqqətdən danışıb.
Müasir dövrdə dövlətin gücü və qüdrətinin təkcə onun təbii sərvətləri ilə deyil, həm də elmi-intellektual potensialı, insan potensialı ilə müəyyən edildiyini deyən Urxan Ələkbərov bildirib ki, məqsədimiz DİA-nın hazırladığı kadrların müasir tələblərə cavab verməyi bacarmaları, yeni nəslin formalaşmasında, insan potensialının inkişafı və davamlılığının təminində Azərbaycan dövlətinin həyata keçirdiyi prosesə töhfə vermək, dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirməkdən ibarətdir.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Aydın Mirzəzadə, Elman Nəsirov, Emin Hacıyev, Məzahir Əfəndiyev məzunları təbrik edib, son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışıblar. Qeyd ediblər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə ən yeni texnologiyaya əsaslanan infrastruktura malik, keyfiyyət göstəricilərinə görə dünyada qabaqcıl mövqe tutan müasir təhsil sistemi yaratmaq məqsədi qarşıya qoyulub. Bu strategiyanın həyata keçməsində, şübhəsiz ki, Dövlət İdarəçilik Akademiyasından böyük gözləntilər və nəticələr var. DİA bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yer tutur. Bu gün gənclərin inkişafı üçün yaradılan şərait onların cəmiyyətin bütün sahələrində təmsil olunmalarına imkan verir.
Daha sonra valideyn və məzunlar da ürək sözlərini ifadə ediblər. Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, ümumilikdə 2022-2023-cü akademik il üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsi üzrə 176 bakalavr, 28 magistr, İnzibati idarəetmə fakültəsi üzrə 217 bakalavr, 68 magistr məzun olub. Ümumilikdə 393 bakalavr, 96 magistr məzun olub.

Tehsil-press.az


Oxşar xəbərlər