Lavrov-Hakan Fidan görüşünün pərdəarxası məqamları - TƏHLİL

Lavrov-Hakan Fidan görüşünün pərdəarxası məqamları - TƏHLİL Parisin “humanitar yük” təxribatçı şousuna Moskva və Ankaranın cavabı nə olacaq?
“Taxıl sazişi”nin fəaliyyətini dayandırmasından sonra yaranan vəziyyət, Ankaranın Moskvanı sazişə qaytarmaq cəhdləri, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı və qarşıdan gələn Putin-Ərdoğan danışıqlarının gündəliyi...
Bütün bunlar Moskvada keçirilən Rusiya və Türkiyə xarici işlər nazirləri görüşünün əsas müzakirə mövzusu olub. Lavrov-Hakan Fidan danışıqlarının məlum və pərdəarxası məqamları barədə APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərov yazır.
Rusiyanın iyulun 18-də “Taxıl sazişi”nin fəaliyyətini dayandırması ilə bağlı qərarı, buna qədər isə Türkiyənin “Azov” döyüşçülərini Kiyevə təhvil verməsi son iki ayda Ankara-Moskva münasibətlərində gərginliyə səbəb olmuşdu. Gərginlik hətta o yerə çatmışdı ki, aylar əvvəl avqust ayına planlaşdırılan Putinin Türkiyə səfəri belə təxirə salınmışdı. Məhz münasibətlərdəki mövcud gərginliyi aradan qaldırmaq vəzifəsi iki ölkənin baş diplomatlarının çiyinlərinə qoyulmuşdu. Yerli və xarici medianın Lavrov-Fidan görüşünə böyük maraq göstərməsinin də səbəbi məhz bu idi: Ankara Moskvanı “Taxıl sazişi”nə qaytara biləcəkmi?
Xarici işlər nazirləri əvvəl təkbətək, sonra nümayəndə heyətləri ilə birgə görüş keçirdilər. İki saatdan çox davam edən ikitərəfli görüşdən sonra nazirlər Hakan Fidan və Sergey Lavrov jurnalistlərin suallarını cavablandırmaq üçün birgə mətbuat konfransına gəldilər. Əvvəlcədən media nümayəndələrinə mətbuat konfransında iki sualın səslənəcəyi bildirilmişdi. Təbii ki, sualların birini Rusiya, digərini isə Türkiyə mediası səsləndirirdi. Xarici mediaya nazirlərə sual vermək şansı tanınmamışdı.
Türkiyəli həmkarı ilə zəngin və məzmunlu danışıqlar apardıqlarını, ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və dövlət başçıları Putin və Ərdoğan arasında intensiv və etibarlı siyasi dialoqun mövcud olduğunu bildirən Lavrov ölkəsinin Ankaranın milli maraqlara yönəlmiş müstəqil xarici siyasətini alqışladığını xüsusi vurğuladı.
“Biz bilavasitə bilirik ki, Qərb bu xətti şübhə altına almağa hər cür cəhd edir. Onlar üçün Türkiyənin bu mövqeyi ciddi qıcıqlandırıcı amildir. Bu kontekstdə ölkəmizlə konstruktiv, bərabərhüquqlu əməkdaşlığı iqtisadi baxımdan qarşılıqlı faydalı və Türkiyənin xarici siyasətinin suveren əsaslarının möhkəmləndirilməsi baxımından uduşlu hesab edirik. Biz həmişə mümkün qədər türkiyəli tərəfdaşlarımızın istəklərini yerinə yetirməyə çalışırıq. Bu, həm də Rusiyanın enerji resurslarına endirimlərə, onların uzunmüddətli tədarükünə dair razılaşmalara, Rusiyadan turist axını ilə bağlı turizm sənayesinə dəstək tədbirlərinə, Türkiyə ərzaq məhsullarının bazarımıza idxalının genişlənməsinə də aiddir.
Əminik ki, prezidentlərimizin razılaşmalarının ruhuna uyğun olaraq, hamını və hər şeyi Rusiya əleyhinə qoymaq istəyən ABŞ və müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, türkiyəli tərəfdaşlarımız bundan sonra da bizə qarşılıqlı münasibət göstərəcəklər. Əminəm ki, qərbin cəhdləri nəticə verməyəcək”, deyə Rusiya XİN başçısı Moskvanın Ankaranın müstəqil xarici siyasətinə çox ümid etdiyini söylədi.
Nazirlərin görüşündə Ukrayna, Yaxın Şərq, Cənubi Qafqaz və Qara dəniz regionundakı vəziyyət, eləcə də gözlənildiyi kimi “Taxıl sazişi” müzakirə mövzusu olub. Rusiya “Taxıl sazişi”nin bərpası üçün Qərbdən tələblərini Türkiyə tərəfinin diqqətinə çatdırıb. Bildirib ki, sazişin ancaq Rusiya hissəsi tam həyata keçirildikdən sonra Moskva elə həmin gün taxıl paketinin Ukrayna hissəsini bərpa edəcək.
Hakan Fidan isə BMT-nin Türkiyənin səyləri nəticəsində Rusiya taxıl və gübrəsinin ixracına dair yeni təklif paketi hazırladığını bildirdi. Qeyd etdi ki, bu, “Taxıl Təşəbbüsü”nün bərpası üçün önəmli addım olacaq. Fidan əlavə etdi ki, Türkiyə bölgədə müharibənin bitməsini istəyir və bununla bağlı səylər göstərir.
Göründüyü kimi, “Taxıl sazişi” ilə bağlı məsələdə Moskva tələblərinin yerinə yetirilməsində təkid edib və Ankara vasitəsi ilə mesajlarını Qərbə çatdırıb. Rusiya Qərbdən Qara dəniz taxıl təşəbbüsü ilə bağlı sözdə vədlər deyil, konkret addımlar gözləyir. Bu addımlar taxıl paketinin Rusiya hissəsinin tam şəkildə icra olunmasından ibarətdir.
Nazirlərin gündəmində Cənubi Qafqazdakı mövcud vəziyyət, regionun münaqişədən sonra yenidən qurulması məsələləri də olub. Ölkəsinin Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına yardım etməkdə maraqlı olduğunu bildirən rusiyalı nazir Ankaranın Azərbaycan-Ermənistan normallaşmasında çox konstruktiv və faydalı rol oynaya biləcəyini vurğulayıb.
Birgə mətbuat konfransında səslənməsə də, əldə etdiyimiz məlumata görə, Cənubi Qafqazdakı vəziyyət kontekstində nazirlər Fransanın regionda qeyri-konstruktiv fəaliyyətini də müzakirə ediblər. Rusiyalı ekspertlərin fikrincə, İrəvanın Parisin timsalında Qərbi regiona cəlb etmək niyyəti Moskva və Ankaranı birgə hərəkətə keçməyə sövq edəcək.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun fikrincə, Ermənistanın yekun sülh sazişini imzalamağa və yazılı sənədlə Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olmaması Cənubi Qafqazda vəziyyəti gərginləşdirir: “Ona görə də, Ermənistan regionda təxribat törətmək üçün məkan formalaşdırır. Bu, Ermənistanın Fransa ilə birlikdə “humanitar yük” adlanan təxribatıdır. Məqsəd regionda əsas oyunçular olan Rusiya və Türkiyəni Fransa və digər Qərb ölkələri ilə əvəz etməkdir. Hesab edirəm ki, gərginliyin artmaması üçün Moskva və Ankara regiondakı sülhməramlı mərkəzlərini gücləndircək”.
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, polittexnoloq Dmitri Solonnikov isə Türkiyənin də Rusiya kimi regionda nəqliyyat kommunikasiyalarının açılmasında, iqtisadi əlaqələrin bərpasında maraqlı olduğunu söyləyib. Onun fikrincə, Moskva Ankaranı bu mürəkkəb prosesin konstruktiv iştirakçısı kimi görür: “Hesab edirəm ki, həm Cənubi Qafqaz regionunda, həm də Suriyada Rusiya və Türkiyənin maraqları qarşılıqlı təmin oluna bilər”.
Rusiyalı ekspertlər hesab edirlər ki, Hakan Fidanın Rusiyaya səfəri çərçivəsində həm Lavrov, həm də müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparması Moskva və Ankaranın Cənubi Qafqaz və Suriyadakı maraqları ilə bağlıdır. Ekspertlərin fikrincə, Rusiya və Türkiyənin hər iki regionda hərbi mövcudluğu var və bu fakt Moskva və Ankaranı bu regionlarda qarşılıqlı güzəştə getmək imkanına sahib edir.
Hakan Fidanın Moskva səfəri bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu ilə danışıqlarla yekunlaşır. Sentyabrın 4-də isə Soçidə Putin-Ərdoğan görüşünün keçirilməsi planlaşdırılır. Həmin görüşdə Ankaranın ümid etdiyi sənədlər paketinin imzalanması Türkiyə xarici işlər nazirinin Moskva danışıqlarının nə qədər uğurlu keçdiyinin göstəricisi olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər