17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransı keçirilib

17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransı keçirilib Milli Azərbaycan Tarixi Muzeyində (MATM) bu müəssisənin baş direktoru akademik Nailə Vəlixanlının elmi fəaliyyətinə həsr olunmuş 17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransı keçirilib.
Tədbir MATM, Türkiyənin Aydın Adnan Menderes, Səlcuq universitetləri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunub.
Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Ukrayna, İran, Rusiya, Moldova, Hindistan və digər ölkələrdən tanınmış alim və tədqiqatçıların qatıldıqları (əyani və onlayn) beynəlxalq konfransda Azərbaycan Milli Elmilər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edib. O, beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb. Alim konfransın elmi, ədəbi, mədəni əlaqələrimizin inkişafında mühüm rolunu qeyd edib.
İ.Həbibbəyli, eyni zamanda, muzeyin baş direktoru akademik Nailə Vəlixanlının elmi yaradıcılığından, tarix elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, akademik Nailə Vəlixanlı tariximizin tədqiqinə dair mühüm elmi əsərlərin müəllifidir.
O, tarixçi alim Nailə Vəlixanlının Milli Azərbaycan Tarixi Muzeyində aparılan elmi araşdırmalarda səmərəli fəaliyyətini də diqqətə çatdırıb.
Beynəlxalq tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, muzeyin icraçı direktoru, dosent Fərhad Cabbarov, Türkiyənin Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Aytaç, Səlçuk Universitetinin professoru Osman Kunduracı türk sənəti, tarixi və folklorundan bəhs ediblər.
Sonra Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və digər ölkələrdən olan alimlərin mövzu üzrə məruzələri dinlənilib, müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər