Qazaxıstanın Milli Muzeyi ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb

Qazaxıstanın Milli Muzeyi ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb Qazaxıstan Milli Muzeyi direktorunun müavini Abay Satubaldinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olub.
MATM-ın direktoru, akademik Nailə Vəlixanlı qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin tarixi barədə məlumat verib. Bildirilib ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair çoxlu sayda eksponat toplanıb.
Xüsusi olaraq qonaqların diqqətınə çatdırılıb ki, muzeyin binası Prezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunub.
Görüşdə iki ölkənin muzeyləri arasında əlaqələr, səyyar sərgilərin təşkili ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, türkdilli xalqların tarixindən, muzey işindən, mədəni irsin mühafizəsi problemlərindən söz açılıb. Həmçinin iki qurum arasında əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər