AzMİU tələbəsi beynəlxalq startap proqramında ölkəmizi təmsil edib

AzMİU tələbəsi beynəlxalq startap proqramında ölkəmizi təmsil edib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi Məftunə Salamova “Huawei Seeds for the Future 2023” proqramında Azərbaycan komandasını təmsil edən 5 nəfərdən biri olub.
Yaxın Şərq və Mərkəzi Asiyadan olan 15 ölkənin nüfuzlu universitetləri Qətərin paytaxtı Dohada proqramın birinci mərhələsində iştirak edib. Ümumilikdə 175 tələbənin qatıldığı yarışda Azərbaycan təmsilçiləri də yer alıb. Proqram ən müasir İKT texnologiyalarını, elmi və texnoloji liderliyi, qlobal mövzularda müzakirələri, “Tech4Good” qrup layihələrini və s. mövzuları əhatə edib. Səkkiz günlük intensiv təlim sessiyaları və seminarların sonunda tələbələr öz “Tech4Good” layihələrini münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyətinin seçdiyi 40 tələbədən ibarət yeddi komanda (Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), İordaniya, Özbəkistan, Monqolustan, Qazaxıstan) növbəti mərhələyə adlayıb. AzMİU tələbəsinin də yer aldığı Azərbaycan komandası sentyabrın 10-16-da BƏƏ-nin Dubay şəhərində keçiriləcək “Tech4Good” proqramının ikinci mərhələsində iştirak hüququ qazanıb.
Xatırladaq ki, “Tech4Good” regional müsabiqəsinin ikinci mərhələsindən sonra qaliblər Çində keçiriləcək qlobal final yarışında dünyanın digər komandalarına qarşı mübarizə aparmaq hüququ qazanacaqlar. Tələbələr davamlı inkişafa təkan vermək üçün İKT-nin böyük potensialını birgə araşdıracaqlar. “Tech4Good” müsabiqəsinin qalibləri Çində keçiriləcək “Tech4Good Startup Sprint” yarışına dəvət olunacaqlar və burada real sahibkarlıq mühiti ilə tanış olmaq, həmçinin 100 000 ABŞ dolları dəyərində startap dəstək fondu uğrunda yarışmaq üçün Şenzen, Pekin və digər şəhərlərə səfər edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər