Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışının birinci mərhələsi bu ilin mart-aprel aylarında keçirilib. Qeyd edək ki, 8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə SABAH qruplarının 500-dən çox tələbəsi iştirak edib. Yarışlar Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Azərbaycan Texniki Universitetində (ATU) keçirilib. Yarışın birinci mərhələsinin nəticələrinə əsasən, 300-dən çox tələbə ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. Aprelin 18-də isə ADPU-da müəllimlik üzrə bilik yarışının ikinci mərhələsi və final mərhələsi keçirilib. İkinci mərhələnin sonunda birinci mərhələni uğurla keçənlərə sertifikatlar verilib və final mərhələyə keçənlər müəyyən edilib. Yazılı şəkildə aparılan final mərhələsində qaliblər müəyyən edilib. I yeri BDU-nun tələbəsi Tamara Əliyeva, II yeri ADPU-nun tələbəsi Nərmin Mahmudova, III yeri Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi Nərmin Səfərova tutub. Qaliblərə aprelin 25-də BDU-da keçiriləcək mükafatlandırma mərasimində hədiyyə və sertifikatlar təqdim ediləcək.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi