“İraq-Türkman folklor mühitinin çağdaş durumu” - Folklor İnstitutunda elmi seminar

“İraq-Türkman folklor mühitinin çağdaş durumu” - Folklor İnstitutunda elmi seminar Folklor İnstitutunda AMEA Rəyasət Heyətinin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradılması haqqında 2023-cü il 12 iyul tarixli qərarının icrası ilə bağlı müvafiq tədbirlər çərçivəsində “İraq-Türkman folklor mühitinin çağdaş durumu” mövzusunda elmi seminar keçirilib.
Seminarda Folklor İnstitutunun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov türk xalqlarının ortaq mənəvi dəyərlərindən danışıb. Akademik İraq türkləri – türkmanlarla Azərbaycan türklərinin ortaq mədəniyyət və adət-ənənələrinin təbliğini, İraq-Türkman folklorunun geniş şəkildə öyrənilməsi və sistemləşdirilməsini, hər iki ölkənin folklorşünas alimləri arasında birgə tədqiqatların aparılmasını təmin etmək məqsədilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
İraq-Türkman Jurnalistlər Cəmiyyətinin sədri, Kərkük Kültür Dərnəyinin rəhbəri, tanınmış tədqiqatçı və yazar Şəmsəddin Kuzəçi çıxışında İraq türkmanlarının və Azərbaycan türklərinin eyni soydan gəldiyini, ortaq mədəniyyətə, dilə və folklora sahib olduqlarını qeyd edib. O, İraqın Kərkük, Mosul, Ərbil, Səlahəddin kimi vilayətlərində daha sıx yaşayan, zəngin folklor irsinə sahib olan İraq türkmanlarının mədəniyyəti, təhsili və ədəbiyyatının çağdaş durumundan, xalqın mənəvi bütövlüyünü təmin edən folklorunun günümüzdəki tədqiqi məsələlərindən bəhs edib, İraq-Türkman xoyratlarından nümunələr səsləndirib.
Daha sonra çıxış edən Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi dosent Səkinə Qaybalıyeva Şəmsəddin Kuzəçinin ədəbi-elmi araşdırmaları haqqında məlumat verib. Məruzəçi qeyd edib ki, Şəmsəddin Kuzəçi 72 kitabın, o cümlədən 100-dən çox İraq-Türkman şairinə həsr olunmuş monoqrafiyaların, topluların müəllifidir. Səkinə Qaybalıyeva müəllifin uzun zaman ərzində ərsəyə gətirdiyi, istər Kərkükdə, istərsə də Türkiyədə jurnalistika fəaliyyəti dövründə apardığı araşdırmalarının toplandığı “İraq-Türkman mətbuat tarixi” əsərindən də bəhs edib.
Təhsil şöbəsinin müdiri dosent Ləman Süleymanova kərküklü İbrahim Rauf Tərzidən topladığı xoyratların kitab şəklində nəşr olunacağını bildirib və yeni nümunələrin toplanması işində əməkdaşlığın önəmli olduğunu vurğulayıb.
Sonda Şəmsəddin Kuzəçiyə institutda nəşr olunan kitablar, audiodisklər hədiyyə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər