ICESCO gənclərlə danışıqlar aparır – ADA Universitetində tədbir

ICESCO gənclərlə danışıqlar aparır – ADA Universitetində tədbir ADA Universitetində “ICESCO gənclərlə danışıqlar aparır” adlı tədbir keçirilib. Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Kosmik Fondun Baş Əməliyyat Direktoru Şelli Bransuik və başqaları iştirak ediblər.
Tədbiri açan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Bakının 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsini müstəsna hal kimi qiymətləndirib.
Rektor ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikinin İslam həmrəyliyinə töhfə verməsi və dünyanı daha gözəl gələcəyə aparan layihələrdə iştirakını vurğulayıb.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qonaqları salamlayaraq Hafiz Paşayevə təşəkkür edib. Gənclərin fəaliyyətinin önəmini vurğulayan ICESCO rəhbəri təşkilatın əməkdaşlarının 40 faizinin 35 yaşdan aşağı gənclər təşkil etdiyini söyləyib: “Əgər on il əvvələ qayıtsaq, təşkilatda cəmi 2 gənc əməkdaş var idi. Texnologiya özü ilə yeni çağırışlar gətirir. Texnologiyanın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Süni intellektin gələcəyə təsirində bir çox fikir ayrılıqları müşahidə olunur. Biz sivilizasiyaya, insanlığa inanırıq. ICESCO-nun fəaliyyətinin yalnız 10 faizi müsəlman ölkələrini əhatə edir. Bəzən biz bir coğrafi məkana gedib orada layihə yerinə yetiririk və bu layihələrdən bəhrələnənlər arasında müsəlmanlar da yer alır”.
Əlli il əvvəl yalnız iki ölkənin kosmik mövzularla maraqlandığını söyləyən Kosmik Fondun Baş Əməliyyat Direktoru Şelli Bransuik onların yeganə məqsədinin kosmosa səyahət etmək olduğunu bildirib: “Bu gün daha böyük məqsədlərimiz var. Əvvəl bu işlərdə daha çox kişilər iştirak edirdisə, indi gender bərabərliyi təmin olunub. Bunu konqresdəki iştirakçılar arasında da görə bilərsiniz”.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev növbəti 7-8 il ərzində süni intellektin insanlardan asılı olmayacağını söyləyib. Bildirib ki, bu, insanların öz üzərində işləməyi üçün fürsət yaradacaq.
Nazir gənclərin kommunikasiya istedadlarını, qabiliyyətlərini inkişaf etdirməsinin önəmini vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Astronavtika Konqresinə xarici ölkələrdən 500-ə yaxın tələbə dəvət olunub.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər