BSU-da dəyirmi masa - “Müəllim hazırlığının təlim və tədris məsələləri”

BSU-da dəyirmi masa - “Müəllim hazırlığının təlim və tədris məsələləri” Polşanın Marşalek Nəşriyyat Qrupu İdarə Heyətinin sədri Adam Marşalekin iştirakı ilə Bakı Slavyan Universitetində (BSU) “Müəllim hazırlığının təlim və tədris məsələləri”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU), Azərbaycan Dillər Universitetindən, Bakı Dövlət Universitetindən (BDU) olan professor-müəllim heyəti və mütəxəssislər iştirak ediblər.
Rektor Anar Nağıyev çıxışında əmək bazarında şərtlərin sürətlə dəyişdiyini, XXI əsrin bacarıqlarının yeni məcraya qədəm qoyduğu dövrdə müəllim hazırlığının necə həyata keçirilməsi məsələsinin çox aktual olduğunu bildirib. Rektor professor Adam Marşalekə bu tədbirdə iştirakına görə təşəkkür edib və dəyirmi masada beynəlxalq tərəfdaş olaraq iştirakının əhəmiyyətindən söz açıb. O, Marşalek Qrupunun Avropada beynəlxalq standartlara cavab verən elmi nəşrləri çap edən qrup olduğunu deyib. Qeyd edib ki, bu qrup təkcə Polşanın deyil, daha geniş regionun, Avropa və dünya universitetlərinin professor-müəllim heyəti üçün çalışır.
Adam Marşalek BSU-da və Azərbaycanda olmaqdan çox şad olduğunu deyib. Nəşriyyat Qrupunun fəaliyyətinə toxunan Marşalek burada 12 nəşrin cəmləndiyini, 3 nəşrin Polşaya, digər nəşrlərin isə digər ölkələrə aid olduğunu deyib. Hər il müxtəlif dillərdə, o cümlədən ingilis dilində 1000-dən çox kitab, 140-dək jurnalın nəşr olunduğunu qeyd edib. Səfəri dövründə keçirdiyi görüşlər zamanı qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edildiyini deyən Marşalek bu səfərin fayda verəcəyini bildirib. O, BSU-nun Polşa Tədris-Mədəniyyət Mərkəzi ilə əməkdaşlıqdan söz açıb.
Dəyirmi masada BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev “Əmək bazarının tələblərinə uyğun təhsilalanlarda səriştələrin formalaşdırılması müəllim hazırlığı kontekstində”, Xarici dil müəllimliyi fakültəsinin dekanı Güney Məhərrəmova-Ağayeva “Xarici dil tədris edən müəllimlərin hazırlanması üçün fənn proqramlarının dizaynı”, ADPU-nun professoru Fərrux Rüstəmov “İbtidai sinif müəllimi hazırlığının məzmunu”, BDU-nun dosenti Aydan Xəndan “Ədəbiyyat və dil fənlərinin tədrisinin müasir problemləri”, BSU-nun müəllimi Leyla Yadigarova “Müəllimlərin peşəkar inkişafının beynəlxalq tendensiyaları” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbir müzakirələrlə davam edib.
Dəyirmi masanın sonunda Polşa-Azərbaycan əlaqələrinə həsr olunmuş ədəbi-musiqili proqram təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər