BDU-da arxiv işinə dair elmi seminar keçirilib

BDU-da arxiv işinə dair elmi seminar keçirilib Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Dövlət Arxivinin strukturu” mövzusunda elmi seminar keçirilib.
Seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Aynurə Səfərova mövzu ilə bağlı məruzə edib. O, əvvəlcə arxiv anlayışını şərh edib, arxivçilik tarixinə nəzər salıb. Ölkəmizdə arxiv işinin formalaşmasından bəhs edən məruzəçi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bu sahədə bir sıra əməli addımlar atıb, tarixin mirası olan sənədlərin toplanması və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirib. Bu məqsədlə Xarici İşlər Nazirliyi yanında Xüsusi Komissiya təşkil edilib, arxiv sənədlərinin toplanmasına və komplektləşdirilməsinə başlanılıb.
Sonra sovet dövründə Azərbaycanda arxiv fəaliyyəti barədə məlumat verilib, bu sahədə qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin meydana gəlməsi diqqətə çatdırılıb.
Müstəqillik illərində ölkəmizdə arxiv işinin inkişafından bəhs edən A.Səfərova Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısını vurğulayıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 12 fevral 2020-ci il tarixli Sərəncamının sahənin inkişafına mühüm töhfə olduğunu bildirib.
Tədqiqatda Azərbaycan Respublikasının Dövlət Arxivinin strukturu şərh olunub, arxiv işinin qanunvericilik bazası, komplektləşdirmə mənbələri, arxiv sənədləri, onların saxlanma müddətləri kimi vacib mövzular izah edilib. Müasir arxivlərin modeli, strukturu və məqsədləri barədə məlumatlar diqqətə çatdırılıb. Vurğulanıb ki, müasir dövrdə arxivlərdə rəqəmsallaşdırma proseslərinin təşkili, istifadəçilərə elektron xidmətlərin göstərilməsi vacib elementdir. Gənc tədqiqatçı 2023-2024-cü tədris ilindən etibarən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasına tələbə qəbulunun həyata keçirilməsini xüsusi qeyd edib. Bu baxımdan fakültədə sahə ilə bağlı elmi araşdırmaların aparılmasının prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olmasını vurğulayıb.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər