BDU-da arxiv işi ilə bağlı müzakirələr aparılıb

BDU-da arxiv işi ilə bağlı müzakirələr aparılıb Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası Dövlət Arxivinin sənəd-informasiya resursları” mövzusunda elmi seminar keçirilib.
Seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Vüsalə Abbaslı mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı əvvəlcə arxiv anlayışını şərh edib, arxivçilik tarixinə nəzər salıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısını diqqətə çatdırıb.
V.Abbaslı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2020-ci il 12 fevral tarixli Sərəncamının sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Məruzədə Azərbaycan Respublikası Dövlət Arxivinin yaranması və formalaşması xronoloji baxımdan şərh olunub. Qeyd edilib ki, Dövlət Arxivinin ilk fondları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Bakı kommunasının fəaliyyətinə dair sənədləri əks etdirir. Məruzədə, həmçinin ölkəmizdə arxiv işinin sovet hakimiyyəti illərində və müstəqillik dövründəki inkişafı, xüsusilə son dövrlər bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verilib, arxiv işinin qanunvericilik bazası, arxiv sənədləri, onların saxlanma müddəti kimi vacib məsələlər izah olunub. Bildirilib ki, bu sahədə prioritet istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərimizdə talan olunmuş arxiv infrastrukturunun bərpasıdır.
Məruzədə müasir arxivlərin modeli, strukturu və məqsədləri barədə məlumatlar da diqqətə çatdırılıb. Vurğulanıb ki, müasir dövrdə arxivlərdə rəqəmsallaşdırma proseslərinin təşkili, istifadəçilərə elektron xidmətlərin göstərilməsi vacib elementdir.

Tehsil-press.az


Oxşar xəbərlər