YTP-də istehsal olunan “Ağ Naftalan yağı”nın Koreyada istifadə olunmasına dair əməkdaşlıq məsələləri müzakirə edilib

YTP-də istehsal olunan “Ağ Naftalan yağı”nın Koreyada istifadə olunmasına dair əməkdaşlıq məsələləri müzakirə edilib Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) nümayəndələri ilə görüşüb.
Görüşdə YTP-nin baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, texnoparkın icraçı direktoru Zaur Nəhmətov, İnkubasiya və texnologiyaların transferi mərkəzinin şöbə müdiri Bünyamin Seyidov, eləcə də K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) nümayəndə heyəti iştirak edib.
Səfir Li İn-Yonq Azərbaycan ilə Koreya arasında 1992-ci ildən qurulan diplomatik əlaqələrin bu gün bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb. O, iki ölkə arasında neft sektorunda, informasiya texnologiyaları və bərpa olunan enerji sahələrində, nəqliyyat istiqamətində, o cümlədən elm, təhsil, texnologiya sferalarında əhəmiyyətli işlərin həyata keçirildiyini bildirib.
Səfir YTP ilə STEPI arasında hazırda davam edən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsinin iki ölkə arasındakı elmi-texniki əlaqələrin inkişafında mühüm rola malik olduğunu bildirib, bu layihəyə, eləcə də gələcək layihələrə bundan sonra da dəstək göstərməyə hazır olduğunu ifadə edib.
Görüşdə YTP-nin əsas fəaliyyət istiqamətləri, burada icra olunan layihələr, texnoparkın potensialının və rəqabət qabiliyyətinin gücləndirilməsi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılması və inkişafına dəstək verilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Görüşdə, həmçinin YTP-nin rezidenti olan Təcrübə-Sənaye Zavodunda istehsal edilən “Ağ Naftalan yağı”nın Koreyada istifadəsi ilə bağlı bu ölkənin şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər