Son 20 ildə aparılan islahatlar bütün sahələrdə ciddi dönüş yaradıb

Son 20 ildə aparılan islahatlar bütün sahələrdə ciddi dönüş yaradıb Son 20 il ərzində Azərbaycan böyük, eyni zamanda, uğurlu yol qət etdi. Bu illər ərzində aparılan ardıcıl və davamlı islahatların nəticələri özünü bütün sahələrdə müsbət dəyişikliklər olaraq göstərməkdədir. Dövlətin daxili və xarici siyasəti bir-birini tamamlayır, çevikdir və bütündür. Bütün bunlar isə XXI əsrdə münaqişələrin getdikcə artdığı bir dövrdə önəmli şərtlərdir. Aparılan islahatlar hər sahədə ciddi və əhəmiyyətli dönüş yaratmaqdadır. Bu gün biz milli maraqlara söykənən və bölgədə böyük güclərin qəbul etdiyi dayanıqlı xarici siyasət görürük. Azərbaycanı faktiki olaraq qərbin enerji təhlükəsizliyinin əsas arxitektorlarından biri olaraq görürük.
Bu fikirləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı filologiya elmləri doktoru Vüqar Zifəroğlu söyləyib. O bildirib ki, Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı səmərəli əməkdaşlığı davamlıdır və milli maraqlarımızla üst-üstə düşür. Bu gün Azərbaycan dünyada mühüm regional iqtisadi-siyasi mərkəzə, tranzit nəqliyyat qovşağına çevrilib. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Azərbaycan, eyni zamanda, beynəlxalq enerji layihələrində ciddi və önəmli tərəfdaşdır. Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum), Trans-Anadolu qaz boru kəməri (TANAP) və onun davamı olaraq Trans-Adriatik qaz kəməri (TAP) ciddi geoiqtisadi və geosiyasi əhəmiyyətə malik beynəlxalq layihələrdir.
“Bu gün biz rifaha və sosial inkişafa əsaslanan davamlı və ardıcıl inkişafa təkan verən daxili siyasət, dayanıqlı iqtisadiyyat görürük. Son 20 ildə ayrı-ayrı sahələrdə aparılan islahatlar nəticəsində sosial-iqtisadi sahədə əldə etdiyimiz nəticələr beynəlxalq hesabatlarda da öz əksini tapmaqdadır. 2004-cü ildən başlayaraq Azərbaycanda regionlarda sosial-iqtisadi inkişafla bağlı dövlət proqramlarının qəbul edilməsi, bu çərçivədə 100 milyard manatdan çox investisiya qoyulması ciddi məqamdır. Ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4, xarici ticarət dövriyyəsinin 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artması 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etməsi aparılan davamlı iqtisadi islahatların nəticəsidir. Təsadüfi deyil ki, ölkə Prezidenti 10 noyabr - Zəfər Günü münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi vurğulamışdı. Bu gün biz öz maraqlarını, doğrularını və öz şərtlərini dönməz olaraq, ardıcıl şəkildə dünyaya bəyan edən güclü Azərbaycan görürük. Bu gün biz yeni bir tarix yaradırıq. Keçdiyimiz bu 20 illik yolu ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələnən Zəfər salnaməsi daha da taclandırmaqdadır. Məhz Zəfər salnaməsi ilə 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu. Bu tarixi Qələbə nəinki bölgədə yeni geosiyasi reallıqlar yaratdı, həm də bölgədə marağı olan güclərin Azərbaycanla hesablaşmaq məcburiyyətində olduqlarını tam şəkildə nümayiş etdirdi”, - deyə Vüqar Zifəroğlu bildirib.
Hazırda ölkəmizdə aparılan ardıcıl və kompleks xarakterli islahatlar və onların doğurduğu nəticələr də onu göstərir ki, əldə edilən nailiyyətlər hələ başlanğıcdır. Qlobal güclərin daim diqqət mərkəzində olan, ciddi strateji əhəmiyyətə malik ölkəmiz, təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Birbaşa dövlət və milli maraqlara söykənən çevik siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli aktora çevrilib. Bütün bu məqamların hər biri ayrı-ayrılıqda Azərbaycanın dünya arenasında hansı çəkiyə, mövqeyə, gücə malik olmasının ən bariz göstəriciləridir.

Tehsil-press.az



Oxşar xəbərlər