BDU 2024-cü ildə Beynəlxalq ənənədən gələcəyə simpoziumuna ev sahibliyi edə bilər

BDU 2024-cü ildə Beynəlxalq ənənədən gələcəyə simpoziumuna ev sahibliyi edə bilər Türkiyənin Çankırı şəhərində Çankırı Karatekin, Bartın, Kastamonu Universitetlərinin Məlumat və sənəd idarəetmə bölümlərinin və Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə II Beynəlxalq ənənədən gələcəyə informasiya və sənəd menecmenti simpoziumu keçirilib. Tədbirdə qəbul edilmiş sənəddə növbəti Beynəlxalq simpoziumun 2024-cü ilin noyabr ayında BDU-da keçirilməsi təklifi irəli sürülüb.
Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş beynəlxalq tədbirə müxtəlif ölkələrin informasiya və sənəd menecmenti, kitabxanaçılıq və informasiya ixtisasları üzrə kadr hazırlayan 20-dən çox universitetinin təmsilçiləri qatılıb. Simpoziumda sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxanaçılıq və informasiya fəaliyyəti, kitab yayımı kimi mühüm istiqamətlər üzrə məruzələr dinlənilib.
Eyni zamanda, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlının “Texnoloji inqilab və oxucu vərdişləri” mövzusunda məruzəsi dinlənilib. Ə.Cabbarlı simpoziumun Təşkilat Komitəsinin üzvü kimi də fəaliyyət göstərib. O, Çankırı Karatekin Universitetinin rektoru, professor Harun Çiftçi ilə görüşüb. Görüşdə Çankırı Karatekin Universitetinin Məlumat və sənəd idarəetmə bölümü ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əməkdaşlığın müxtəlif platformalarda davam etdirilməsi imkanları müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər