İsveç polisi bu il rekord sayda qanunsuz silah müsadirə edib

İsveç polisi bu il rekord sayda qanunsuz silah müsadirə edib İsveç polisi gündən-günə daha çox qanunsuz silah müsadirə etməyə başlayıb və cari il bu rəqəmin rekord həddə çatacağı gözlənilir. Bu ilin oktyabr ayına qədər Stokholm polisi 340 ədəd qanunsuz silah müsadirə edib. Bu göstərici cari ildə və daha əvvəlki illərdə ümumilikdə ələ keçirilən qanunsuz silahların həcmindən (296 ədəd) daha çoxdur.
Bu rəqəmlər yaxın günlərdə Stokholm polisi tərəfindən dərc olunan silah müsadirəsi ilə bağlı hesabatda əksini tapıb. Hesabatın məqsədi polisin ələ keçirdiyi qanunsuz silahların sayı barədə məlumat vermək və onların aşkar edilməsi ilə bağlı ümumi qanunauyğunluğu açıqlamaqdan ibarətdir.
“Biz baş verən atışmalara diqqətlə nəzarət edirik, lakin bununla bağlı ümumi məlumat elə də çox deyil. Hesabatda qeyd olunan hər beş silahdan yalnız birindən atışmalarda istifadə olunduğu məlum olub. Ümumilikdə söhbət ikiillik müddət ərzində 120 müxtəlif növ silah nümunələrinin ələ keçirilməsindən gedir. Onların bəzilərindən bir neçə atışmada, 18-dən isə ölümlə nəticələnən cinayətlərdə istifadə edildiyi aşkarlanıb. Cinayətkarlar eyni silahdan təkrarən istifadə etməyi xoşlayırlar, çünki onlar həmin silahın artıq işlək olduğuna əmindirlər və necə işlədiyini bilirlər”, – deyə İsveç polis idarəsinin kriminalisti Sven Qranat vurğulayıb.
Hesabatda qeyd olunur ki, silahlar adətən evlərdə aşkarlanır. Lakin hərdən onları ictimai yerlərdə, məsələn, avtomobillərin, pilləkənlərin altından və zirzəmilərdən də tapmaq mümkündür.
Sənəddə əksini tapan daha vacib bir məsələ ondan ibarətdir ki, müsadirə edilən silahların böyük əksəriyyəti təkrar yığılmış siqnal və qaz tapançalarından ibarətdir, lakin onlardan hələ atışmalarda istifadə olunmayıb. Bu isə onunla izah oluna bilər ki, çox güman cinayətkarlar məhz təkrar yığılmış yox, zavod istehsalı olan silahlardan istifadə etməyə üstünlük verirlər.

Tehsil-press.az




Oxşar xəbərlər