Akademik İsa Həbibbəyli Qazaxıstanın Tarix və Etnologiya İnstitutunun direktoru ilə görüşüb

Akademik İsa Həbibbəyli Qazaxıstanın Tarix və Etnologiya İnstitutunun direktoru ilə görüşüb AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Çokan Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü Ziyabek Kabuldinov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA-da aparılan elmi-tədqiqat istiqamətləri barədə danışıb. Qazaxıstan Milli Elmlər Akademiyası ilə uzun tarixi bir dövrü əhatə edən, xüsusən müstəqillik illərindən vüsət alan qarşılıqlı elmi əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən AMEA rəhbəri ictimai və humanitar elmlər sahələrində yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğunu bildirib. AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Qazaxıstanın Tarix və Etnologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli ortaq dəyərlərə malik olan xalqlarımızın tarixi-elmi istiqamətlərinin birgə araşdırılmasının, müştərək konfransların keçirilməsinin, monoqrafiyaların hazırlanmasının böyük əhəmiyyət kəsb etdiyini deyib, iki qardaş ölkənin tarixçi alimləri arasında qurulmuş əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Ziyabek Kabuldinov elmi-tədqiqat müəssisələri arasında imzalanmış əməkdaşlıq haqqında müqavilənin əhəmiyyətindən, iki ölkənin tarixçi alimlərinin birgə fəaliyyətinin perspektivindən söhbət açıb, elmi münasibətləri yüksək dəyərləndirib.

Tehsil-press.az



Oxşar xəbərlər