“MÜSİAD Azərbaycan”la əməkdaşlıq tələbələr üçün təcrübə imkanları yaradacaq

“MÜSİAD Azərbaycan”la əməkdaşlıq tələbələr üçün təcrübə imkanları yaradacaq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Rəşad Cabirli rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. Bildirib ki, 1990-cı ildə İstanbulda qurulan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi sosial, mədəni, siyasi, iqtisadi, elmi və texnoloji inkişafa töhfə vermək üçün yaradılıb. 73 ölkədə ümumilikdə 169 məntəqə ilə xidmət edən və 13 min üzvü özündə birləşdirən təşkilat bu günədək təxminən 2 milyon şəxsə iş imkanı yaradıb. Təşkilatın 2018-ci ildə yaradılan Azərbaycan bölməsində isə 5528 nəfərə iş imkanı yaradılıb.
Daha sonra AzMİU ilə MÜSİAD-ın əməkdaşlıq imkanları müzakirə olunub.
Rektor Gülçöhrə Məmmədova dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinə, bu tərəfdaşlıqla məzunların iş, tələbələrin təcrübə imkanlarının artırılması baxımından əhəmiyyətinə diqqət çəkərək əməkdaşlığın faydalı ola biləcəyini qeyd edib.
Müzakirələrdən sonra əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin inkişaf etdirilməsi üçün AzMİU ilə “MÜSİAD Azərbaycan” arasında işçi qrupun yaradılması qərara alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər