Memarlıq və İnşaat Universitetində Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Memarlıq və İnşaat Universitetində Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin sədri Mücahit Dəmirtaşın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Universitet rəhbərliyi ilə görüşdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə tədbirlər, seminar və konfranslar, təcrübə proqramları və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova nümayəndə heyətinə rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişafı, müasir dövrdə fəaliyyəti, beynəlxalq əlaqələri, Türkiyə universitetləri ilə əməkdaşlığı haqqında geniş məlumat verib. Türk Dünyası Memarlar və Mühəndislər Birliyi ilə bu günə qədər həyata keçirilən birgə tədbirlərin, layihələrin universitet üçün önəmindən danışan rektor Türkiyənin nüfuzlu qurumlarında tələbə və müəllimlərin iştirak etdiyi təcrübə proqramlarının yenidən bərpa olunması istəyini qonaqların diqqətinə çatdırıb.
Nümayəndə heyətinin rəhbəri Mücahit Dəmirtaş AzMİU ilə sıx dostluq və işgüzar əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin bu günə qədər gördüyü işləri əks etdirən videoçarxın nümayişindən sonra qurumun baş katibi İlyas Dəmirçi AzMİU ilə əməkdaşlığın pandemiyadan sonrakı dönəmdə yenidən inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin həyata keçiriləcəyini bildirib. O, Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin növbəti qurultayının Azərbaycanda keçirilməsini təklif edib.

Tehsil-press.az


Oxşar xəbərlər