UNEC-in Elmi şurası yeni qərarlar qəbul edib

UNEC-in Elmi şurası yeni qərarlar qəbul edib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023-cü ilin sonuncu Elmi şura iclası keçirilib.
İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev 2023/2024-cü tədris ilinin payız semestrinin ara qiymətləndirmə imtahanlarının yekunları və qış imtahan sessiyasına hazırlıq barədə hesabatla çıxış edib. Bildirilib ki, aralıq imtahanların 456-sı yazılı, 302-si test imtahanı olmaqla keçirilib. İmtahanlarda qayda pozuntularının təqribən üç dəfə azaldığı müsbət hal kimi qiymətləndirilib.
Tədris üzrə prorektor dosent Gəray Musayev isə hibrid formada tədris ediləcək fənlərin siyahısının artırıldığını, siyahıya yeni 32 fənnin əlavə olunduğunu deyib. Ümumilikdə isə 74 fənn üzrə dərslərin hibrid formada aparılacağını diqqətə çatdırıb.
Şuranın qərarı ilə xarici dil üzrə IELTS sertifikatı 7 baldan yüksək olan tələbələr xarici dil fənnindən azad ediləcəklər.
İclasda 1 və ya 2 qaib limitini keçmiş əyani və qiyabi təhsil alan tələbələrin imtahana buraxılacağı barədə qərar qəbul olunub. Qərar Zaqatala filialının, eləcə də UNEC nəzdində fəaliyyət göstərən kolleclərin tələbələrinə də şamil olunacaq.
Şuranın sonunda İqtisadi və texnoloji elmlər kafedrasında boş olan professor vəzifələrinin tutulması ilə bağlı seçkilər keçirilib. Səsvermənin nəticəsinə əsasən, professorlar Arif Şəkərəliyev, Məhiş Əhmədov, Kamil Şahbazov, Rasim Həsənov, Qabil Manafov, Ümidvar Babayev və Əlican Babayev növbəti 5 il müddətinə kafedranın professoru vəzifəsinə seçiliblər.

Tehsil-press.az




Oxşar xəbərlər