“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva mütaliənin əhəmiyyətindən danışıb. O, cəmiyyətə sağlam şəkildə adaptasiya olmağın, sosial münasibətlərdə uğur qazanmağın, qərar qəbuletmə və dinləmə bacarığının inkişafının məhz kitablardan keçdiyini diqqətə çatdırıb.
M.Vəliyeva şagirdləri mütaliəyə həvəsləndirmək istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini söyləyib. O bildirib ki, məktəblilərdə mütaliə vərdişlərini təkmilləşdirmək, oxu, yazı və təxəyyül bacarıqlarını inkişaf etdirmək, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsini artırmaq, istedadlı şagirdləri vaxtında üzə çıxarmaq və onlara dəstək olmaq baxımından “Düşünən şagird” müsabiqəsi mühüm əhəmiyyətə malikdir.
Vurğulanıb ki, gənclər bu gün və gələcəkdə ölkəni təmsil edən əsas qüvvə kimi özünəinamlı olmalıdır. Dəyərlərimizi qorumaq, Vətəni təmsil etmək isə hər kəsin borcudur. Bütün bunların açarı isə elmdə, kitabdadır.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında intellektual, savadlı nəsillərin formalaşması üçün əsas vasitələrdən birinin mütaliə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bədii ədəbiyyatlar, müəyyən sahələrə aid biliklərin əhatə olunduğu dərsliklər və sair məhz uşaqların dünyagörüşünün zənginləşdirilməsinə xidmət edir. Bu baxımdan məlumat və bilik dairəsini genişləndirmək, inkişaf etdirmək üçün kitabların rolu əvəzsizdir.
Daha sonra müsabiqədə I, II və III yerə layiq görülən şagirdlərə diplomlar təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar tərifnamə, digərləri isə fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif ediliblər.
Həmçinin qaliblərə “İnci” şirkətlər qrupunun və Azərbaycan Yazıçılar Birliyinin hədiyyə kitabları təqdim olunub.
Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.

Tehsil-press.az




Oxşar xəbərlər