Adil Əliyev: “Azərbaycanlıların soyqırım gününə beynəlxalq ictimaiyyət xüsusi diqqət ayırmalıdır”

Adil Əliyev: “Azərbaycanlıların soyqırım gününə beynəlxalq ictimaiyyət xüsusi diqqət ayırmalıdır” Dünyada soyqırıma məruz qalan xalqların içərisində Azərbaycan xalqının da olması nə qədər kədərli hadisə olsa da xalq olaraq bizi daha məğrur formalaşdırmış, tarixin ən qaranlıq üzlərindən alnıaçıq, üzüağ olaraq çıxağımıza, hər zaman ədaləti və humanizmi rəhbər tutmağımızda mühüm rol oynayıb.

Məsələn, Ermənistanı beynəlxalq ictimaiyyət cinayətkarlığın, soyqırımın səbəbkarı və törədicisi olaraq tanıyır. Eləcə də, faşizmin yəhudilərə qarşı həyata keçirdiyi “Holokost”, fransızların Əlcəzairdə törətdiyi qırğınlara, Serebnitsa faciəsinə beynəlxalq ictimaiyyət qiymət verib.

Amma və lakin, təkcə XX əsrdə dəfələrlə soyqırıma məruz qalmış Azərbaycan xalqı hələ də cinayətkarların cəzalandırılmasını gözləyir. Məhz, dünya tarixinə Azərbaycanlıların soyqırımı günü olaraq düşmüş, 31 Mart soyqırımı da ən dəhşətli cinayətlərdən biridir, ermənilərin törətdiyi bu cinayətlər o qədər böyük və xüsusi amansızlıqla fərqlənir ki, hələ də bu sahədə tədqiqatlar davam edir. 1918-ci ilin martına nəzər salanda görürük ki, 30 mindən artıq soydaşımız qətlə yetirilib, tarixə baxmalıyıq ki, o həm də gələcəyimizə işıq salsın. Belə olduğu bir neçə vacib məqamı xatırlamaq lazımdır, 1918-ci ilin mart - aprel aylarında “Böyük Ermənistan” xülyası quran və “Daşnaksutyun” partiyasının ideologiyası altında birləşmiş ermənilərin dinc soydaşlarımıza qarşı törətdikləri bu qırğınların misli görünməyib.

Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixində Bakıda, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə 30 mindən çox həmvətənlilərimizi öldürmüş, 10 mindən artıq soydaşlarımız didərgin düşmüşlər. Məhz azğınlaşmış bolşevik-daşnak birliyi küçələrə, evlərə hücumlar təşkil edir, kütləvi qırğınlar törədirdilər. Daha öncədən xalqımızı tərk-silah etməklə əhalini tam müdafiəsiz qoyan daşnaklar qadın və uşaqlara qarşı xüsusilə amansız davranırdılar. Ahıl qocaları qətl edən, uşaqları küt alətlə qətlə yetirən bu 10 minlik qrupun əsas hədəfi xalqımız arasında amansız qorxu yaratmaqdan ibarət idi.

Məhz erməni daşnak-rus bolşevik qüvvələrinin xalqımıza qarşı apardığı amansız soyqırım zamanı ictimai şəxsləri və binalara da böyük ziyan vurdular. Müsəlmanların ibadət yeri olan və xalqımızın toplaşdığı “Təzə Pir” məscidinin minarəsi bombalanmış, "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırılmışdır. Bununlada kifayətlənməyən qüvvələr İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binasını, ХIV əsrdə tikilmiş Keyqubad məscidini dağıtmışlar.

Bakıda törətdikləri qırğınlarla yanaşı, Şamaxı şəhərində kütləvi qırğınlar törədilib. Belə ki, bolşeviklər tərəfindən Bakıdan yaхşı silahlanmış top və pulemyota malik olan minlərlə əsgər dəstəsi Şamaхı qəzası istiqamətində yola salınmışdı. Onlar yolboyu müsəlman kəndlərini qarət edərək Şamaxıya çatmışlar. Stepan Şaumyanın fitvası və dəstəyi ilə hazırlanmış bu hərbi birləşmələr öz sıralarına erməniləri də cəlb edərək böyük bir qoşuna çevirmişlər. “Şamaxının son günləri” adlı 1919-cu ilin 30 mart tarixində çap olunmuş “Azərbaycan” qəzetindəki məqalə məhz ermənilərin Şamaxıda törətdikləri qırğınların səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdu. Belə ki, cəbhədən geri qayıtmış ermənilər özləri ilə əlavə silah gətirərək buradakı yerlilərinə vermiş, Şamaxı və ətraf ərazilərdə yaşayan erməniləri silahlandırmaqla Azərbaycan xalqına qarşı kütləvi qırğın törətmişlər.
Ermənilər əvvəlcədən bu işə ciddi hazırlaşmış hələ 1918-ci ilin əvvəlində Şamaxıya öz emissarlarını göndərərək burada yaşayan ermənilərin arasında təbliğat aparmış və əvvəlcədən öz məqsədlərinə uyğun onları hazırlamışdılar. Məhz Şamaxı əhalisinin yaşadığı bu faciənin də əsas səbəbi onların ermənilərin bu məkrli planı barəsində məlumatsız olmaları idi.

Stepan Lalayevin (Lalayan) başçılığı ilə törədilmiş bu amansız faciə zamanı 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Məhz Sovet dövründə bu ağır cinayət hadisəsi ört-basdır edilməyə çalışılsada 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qalması təsdiqlənib.

Komissiyanın üzvü A. F. Novatski məruzəsində Şamaxı şəhərinin müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat vermiş, eləcə də şəhərin darmadağın edilməsini bildirib. Məhz şəhərin nüfuzlu şəxslərinin evlərinə pənah gətirmiş qadın və uşaqların olduğu evlərə soxulan ermənilər, misilsiz qırğınlar törədib. Hadisə barədə tədqiqatçıların gəldiyi qənaətə əsasən həmin zaman Şamaxı şəhərində və onun ətraf kəndlərində 20 mindən artıq soydaşımız amansızcasına qətlə yetirilib.

Quba qəzasında ermənilər tərəfindən törədilmiş soyqırım isə xüsusilə amansızlığına görə fərqlənirdi. Məhz həmvətənlilərimizin aşkar olunmuş meyitləri daşnakların həyata keçirdiyi vəhşiliyin bütün izlərini öz üzərində daşıyır. Belə ki, uşaqların və qadınların küt alətlərlə qətlə yetirilməsi, başlarına mismar vurulması və başlarının kəsilməsi kimi dəhşətli hadisə nəticəsində Quba şəhərində 2900, qəzasında isə 4000 artıq insan öldürülüb. 2007-ci ildə Quba şəhərində stadionun tikilməsi zamanı 500-dən artıq həmvətənlilərimizin sümukləri tapılmışdır, onların 150-dən çoxunun qadın və uşaqlara aid olması müəyyən olunub.

Təəssüf ki, baş vermiş bu soyqırım zamanla unudulmağa cəhd göstərilib, imperialistlər hadisəyə aid sənədləri məhv etməyə çalışıblar.

Soyqırım qurbanlarına Ulu Öndər Heydər Əliyev xalqımızın yaşadığı bütün faciələrə eləcə də məruz qaldığı 31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verdi. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. Sözügedən Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanmış, ermənilərin törətdikləri cinayətlər xalqımızın yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhalisi yalnız milli mənsubiyyətinə görə məhv edilib, evlərə od vurulub, insanları diri-diri yandırılıb. Ermənilər tərəfindən memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb, Bakının böyük bir hissəsini xarabalığa çevrilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib.

“Tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.”
Ulu Öndər Heydər Əliyev Məhz Ulu Öndər tərəfindən sözügedən Fərman imzalandıqdan sonra soyqırım cinayətləri 80 ildən sonra təkrar araşdırılmağa, xalqımızın üzbəüz qalmış olduğu bu hadisəyə beynəlxalq ictimaiyyətin qiymət verməsi üçün səylər artmağa başladı.

Nəticə etibarı ilə dünya ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımın yalnız Xocalı olmadığını eləcə də, uzun illər nifrət və qəddarlığı yaşatmalarının və 1918-ci il də həyata keçirdiyi Azərbaycanlıların soyqırımının şahidi oldular.

Eləcə də, 2007-ci ildə Quba şəhərində soyqırım qurbanlarının məzarları tapıdıqdan sonra Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi və 2013-cü ildə kompleksin açılışı oldu. Eyni zamanda dövlət başçısının tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandı, soyqırım hadisəsini yad etmək, həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ölkə daxilində və xaricində bir sıra tədbirlər keçirildi.

2020-ci ilin 27 sentyabrında başlanmış və 44 gün davam edən Zəfər yürüşümüzlə, eləcə də 2023-cü ilin 19 sentyabr tarixində həyata keçirilən lokal xarakterli antiterror tədbirlər zamanı bütün şəhidlərimizin, eləcə də soyqırım qurbanlarının qisasını alınmışdı. Beynəlxalq ictimaiyyət bir daha ermənilərin törətdiyi bu vəhşiliklərə qiymət verməli və gələcəkdə belə halların baş verməməsi üçün bütün imkanlarını səfərbər etmədilər.

Adil Əliyev,
Milli Məclisin sədr müavini


Tehsil-press.az

Oxşar xəbərlər