Ali məktəblərimizi regionlara yay(s)aq - təhsil ekspertləri deyir ki...

Ali məktəblərimizi regionlara yay(s)aq - təhsil ekspertləri deyir ki... “Bölgələrin iqtisadi-sosial, mədəni inkişafını istəyiriksə, regionlarda ali təhsil müəssisələrinin açılmasına müstəsna imkanlar yaratmalıyıq”
Deputat Fazil Mustafa Milli Məclisin son plenar iclasında önəmli təkliflə çıxış edib. O bildirib ki, Türkiyə-Azərbaycan Universiteti Bakıda deyil, regionda fəaliyyət göstərməlidir.

“Azərbaycanda bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına ciddi ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur. Həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox, regionda tikilsin. Ümumiyyətlə, təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.

Hesab edirəm ki, biz bu universiteti yaradarkən bunu qardaş ölkə ilə universitet yaratmaq xatirinə etməməliyik.

Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Daha peşəkar və prestijli universitetlər yaratmaqla Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik".

Bəs təhsil ekspertləri bu xüsusda nə düşünür, deputatın təklifini dəstəkləyirmi? Təhsil ocaqlarımızı yavaş-yavaş regionlara yaymaq təhsilimizə nə verəcək?

Ali məktəblərimizi regionlara yay(s)aq - təhsil ekspertləri deyir ki...

Elşən Qafarov

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a açıqlamasında deyib: “Öncə onu qeyd edim ki, Azərbaycan-Türkiyə Universiteti elə də çox tələbə kontingentinə malik olmayacaq. Buna görə də bu universitetin Bakıda və yaxud digər ərazidə tikilməsi o qədər də önəm kəsb etmir. Amma istənilən halda, bütün ali məktəblərin Bakıya cəmlənməsi doğru deyil. Mən də razıyam, çox istərdik ki, Azərbaycan-Türkiyə Universiteti ən azı Gəncədə fəaliyyət göstərsin.

Ali məktəblərin Bakıdan köçürülməsi ilə bağlı illərdir müzakirələr aparılır, hesab edirəm ki, artıq bu yöndə addımlar atılmalıdır. Belə ki, ali məktəblərin bir hissəsinin işğaldan azad olunmuş ərazilərə, digər bir hissəsinin isə hər cür infrastrukturu olan Gəncə kimi ərazilərə köçürülməsi daha doğru olardı.

Məlum olduğu kimi, təkcə Azərbaycan-Türkiyə deyil, Azərbaycan-İtaliya Universitetinin də açılması gözlənilir. Bu universitetlərdə tələbə kontingentinin sayı çox az nəzərdə tutulduğundan hesab edirəm ki, Bakının ümumi sıxlığına hər hanısı bir çətinlik törətməyəcək.

Lakin bir daha qeyd edirəm, ali məktəblərin hamısının Bakıda formalaşması doğru olmazdı. Nəinki Azərbaycan-Türkiyə Universiteti, eyni zamanda hazırda Bakıda fəaliyyət göstərən Pedaqoji Universitet və bu kimi digər ali məktəblər regionlara köçürülməlidir.

Bakıda əhalinin sıxlığı, kirayə ilə bağlı problemlər, evlərin bahalığı, universitetlərin yataqxanalarının olmaması kimi amillər tələbələrin sosial durumlarını çətinləşdirir. Belə olan halda tələbə diqqətinin böyük hissəsini təhsilinə ayıra bilmir.

Bəzi universitetlər köçürülərsə, tələbələrin sosial vəziyyəti xeyli düzələr. Ali təhsil müəssisələrinin kampus formasında fəaliyyət göstərməsinə nail ola bilərik. Bununla tələbələrin kirayə ev, kirayə evə görə vəsait tapmaq problemi olmayacaq. Bundan başqa, universitetə getmək üçün zaman itkisinin də qarşısı alınacaq".

Ali məktəblərimizi regionlara yay(s)aq - təhsil ekspertləri deyir ki...

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: “Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi var və onlarda 187 min tələbə təhsil alır. Qeyd edim ki, 31 ali təhsil müəssisəsi Bakı şəhərində yerləşir ki, bu da 120 min nəfərə yaxın tələbənin paytaxtda yerləşməsi deməkdir. Əlbəttə ki, bu, kifayət qədər böyük rəqəmdir. Nəzər alsaq ki, bölgələrin sosial-iqtisadi inkişafında universitetlərin, təhsil müəssisələrinin böyük rolu var, ona görə də bölgələrdə yeni ali təhsil müəssisələrinin açılmasına ehtiyac var. Bu, həmin bölgələrdə işsizliyin aradan qalxmasına, iqtisadi vəziyyətin yüksəlməsinə, əhalinin gəlirlərinin artmasına müsbət təsirini göstərəcək.

Məlum olduğu kimi, bu il Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Yaxşı olardı ki, Azərbaycan-Türkiyə Universiteti də bölgədə fəaliyyət göstərsin. Çünki bu, həm tələbələrin bölgələrə getməsinə imkan verəcək, həmçinin universitet mühitində dəyişikliyə gətirib çıxaracaq.

Bu gün ali təhsilin əlçatanlığı təmin olunub. Lakin bəzən bölgələrdən olan qız abituriyentlər təhsil almaq üçün paytaxt Bakıya və yaxud digər böyük şəhərlərə gedə bilmirlər. Müşahidə edəndə görürük ki, məsələn, Bakıdan Lənkərana qədər yalnız Lənkəranda ali təhsil müəssisəsi var, ona qədər Salyanda, Neftçalada yoxdur. Yaxşı olardı ki, bu ərazilərə də ali təhsil müəssisəsi salınsın. Və yaxud Bakıdan Xaçmaza, Qusara qədər olan ərazidə yalnız Qubada Pedaqoji Universitet var.

Beləliklə, millət vəkili Fazil Mustafa öz təklifində haqlıdır. Biz bölgələrdə ali təhsilin əlçatanlığını təmin etmək, bölgədən olan gənclərin daha yaxşı təhsil almasını, həmin bölgənin iqtisadi-sosial, mədəni inkişafını istəyiriksə, bölgələrdə ali təhsil müəssisələrinin açılmasına müstəsna imkanlar verməliyik.

Əlbəttə ki, bu, paytaxt Bakıda universitetlərin bağlanması ilə baş verməməlidir. Hesab edirəm ki, müxtəlif, o cümlədən müəllim ixtisası üzrə Bakıda plan yerlərini azaldıb, əvəzində bölgələrdə plan yerini artırmaq olar".

Tehsil-press.az

Oxşar xəbərlər