"Bu kitab yeni dövrdə oxuculara ilk hədiyyən olsun"

XALQ YAZIÇISI, AKADEMİK KAMAL ABDULLAYA AÇIQ MƏKTUB

Şəxsiyyətinə böyük dəyər verdiyim, əsərlərini sevə-sevə oxuduğum ustad yazıçımız, çox hörmətli Kamal Abdulla! Bugünlərdə Sənin yeni kitabın nəşr olunub. Kitabın qəribə adı var: "Seçmələrin seçməsi - qranulalar". Kitabı birnəfəsə oxudum, bir hissəsini əməkdaşlarımla birgə oxuduq, fikir mübadiləsi apardıq. Bu kitab da bütün əsərləriniz kimi çox uğurludur. Kitabın hər cümləsinin altında dünyaya sığmayan mahiyyət var. Bu mahiyyət insanı düşünməyə vadar edir, dərkə, ömrün qalan hissəsini daha uğurlu, mənalı yaşamağa dəvət edir. Çünki burada xalqımızın dahilərinə və müdriklərinə layiq olduqları dəyər verilir, onların bənzərsizliyi göstərilir.

Kitabın 411-ci səhifəsində yazırsan: "Nizami, Nəsimi, Füzuli kimi neçə-neçə təfəkkür və mərifət sahibi üçün Vətən bütün dünya, bütün kainat idi. Bu insanlar dünyanı ölkələrə, insanlığı millətlərə, irqlərə, rənglərə bölmürdülər. Onlar üçün "müsəlmanlar və başqaları" bölgüsü yox idi.

Bəlkə də elə buna görə onlar bizim üçün belə əlçatmazdır?!"

Dahilərimizə verdiyin bu ali dəyərə görə də çox sağ ol:

"Nizami insanı böyütdü.
Nəsimi ona Ali Həqiqəti tanıtdı.
Füzuli onu dərinləşdirdi.
Xətayi onun qorxmazlıq təşnəsini söndürdü.

Məhəbbət barədə bildikləri saf bir utancaqlıq pərdəsinə bürünmüşdü - Vaqif ona yataq otağına cəsarətlə girməyi öyrətdi.

Sabir onu torpaq üstdə yeriməyə alışdırdı.
Cavid ona qanad verdi və əngin səmada pərvaz etməyin sirlərini anlatdı.
Bu insana qalib gəlmək olarmı?!"
Bu ali şəxsiyyətləri belə yüksək səviyyədə tərənnüm etməyin təsadüfi deyil, çünki Sən özün də Ali İnsansan!

Peyğəmbər olan şəxsiyyətə ən layiqli dəyəri verirsən: "Peyğəmbərin yaranmasının şərti o deyildir ki, işıqlı bir adam meydana çıxmalıdır. Əsas şərt odur ki, bu işıq qaranlıq kütlənin fonunda parlasın". Budur Peyğəmbər mahiyyətinə verilən ən layiqli dəyər.

Kitabın 340-cı səhifəsində Füzuli mahiyyətinin tərənnümü də olduqca dəqiqdir: "Füzuli hər qəzəlində Yerdən Göyə, Göydən Yerə gözəgörünməz sürətlə gedən qayıdan bir Səyyahdır". Düzünü deyim ki, ikinci bir insanın belə mükəmməl ifadəni tapa biləcəyinə inanmıram.

Hörmətli dostum, əzizim Kamal müəllim!

Yazırsan ki, "Həyatda görmədiklərimiz qaldımı?! Satqın dostlardan kişi düşmənlərə qədər hər kəsi gördük".

Bu yazının özünü oxumaq dəhşətdir. Bu dəhşəti satqın dostları görmüş insanlar yaşaya bilər. Dost sözünün məna yükünü dərk edənlər bilər. Sən bu məna yükünü dəqiq bildiyin üçün belə yazmısan.

Aşağıdakı fikirlərin də dostluq fəlsəfəsinin inikası olduğu qənaətindəyəm:

"Gözündən görürəm, bu dost itəcək
Yalın ayağıma batmaq istəyib
Yolun ortasında tikan bitəcək -
İzindən görürəm, bu dost itəcək".

Əziz dostum! Sən hər zaman sədaqətli dost olmusan. Dostu itirməmək üçün başqalarına yox, özünə ağır şərtlər qoymusan. Çox təəssüf ki, bu heç də həmişə yetərli olmur. Axı dostluqda ikinci tərəf də var. İkinci tərəf də özünə belə ağır şərtlər qoymursa, göz görə-görə dostunu itirirsən.

Əziz dostum! Aşağıdakı misralarının gerçəkləşməsini çox istərdim:

"Arzuların dil açıb yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver mənə.
Olacağın olmağına nə var ki,
Bircə dənə olmayacaq ver mənə".

Bu ifadələrin fəlsəfi mahiyyəti olduqca böyükdür. Mənim imkanım olsaydı, Sənin cismani və böyük ruhlu ömrünü özün istədiyin qədər uzadardım. Axı Sənin ömrün təkcə özün üçün yox, bəşəriyyət üçün lazımlıdır.

Xüsusi qeyd etmək istərdim ki, həmişə nikbin ruhlu, yaşamaq eşqi kainata sığmaz gördüyüm Kamal Abdullanın bu kitabında narahatlıq, sonsuz sayda oxucuları ilə xudahafizləşmək istəyi gördüm. Sənin yeni kitabında oxuduğum bir çox fikirlər ruhumu incitdi, məni bu fikirlərə qarşı üsyana çağırdı. Odur ki, Sənə dərhal telefon açdım, bu fikirlərinə ruhumun üsyanını bildirdim. Rica etdim ki, belə tez getməyi düşünmə. Çünki Sən - Kamal Abdulla bütün dünyadakı oxucularına, Səni dünyaya bəxş edən xalqına, hər zaman sadiq olduğun dövlətinə, dostlarına lazımsan! Əziz Kamal Abdulla sevərlərə Sənin bir neçə fikrini təqdim edərək onları da Səni bu fikirdən daşındırmağa dəvət edirəm. Kitabın ön sözündə (09.04.2024-cü ildə) yazılıb: "Məni sevən oxucuma son hədiyyəm". Yox, hörmətli Kamal Abdulla! Hər zaman Səninlə razılaşmışam. Amma indi yox. Bu kitab Sənin yeni dövrdə oxuculara ilk hədiyyən olsun.

Kitabın 8-ci səhifəsində yazırsan ki:

"Vaxt gəlir, hər şeyin yetişir sonu
Bu nəydi, qurtardı, yox oldu getdi?!
Bu da bir həyatdı - oynadıq onu,
Bu da bir oyundu - yaşadıq bitdi".

Əziz dostum, hər zaman "əziz oxucum" deyərək xitab etdiyin milyonlarla oxucuların Səndən inciyə bilər, biz dostların isə bu fikirlərə görə Səndən sonsuzluq ölçüsü ilə küsə bilərik.

Çox hörmətli dostum, dostluğu ilə fəxr etdiyim Kamal müəllim! Kitabın 318-ci səhifəsində yazdığınız misralar da məndə narahatlıq yaratdı:

"Bu ağrılar, əzablar
Bizə gəlib dəydilər.
Unuduldu sevilən,
Unuduldu sevəni.

Bu ağacın içində
məni gizləyəydilər,
dost da gəlib baxaydı
tapammayaydı məni".

Bizim Səni itirməyə, Sənin də bizdən qaçmağa haqqımız yoxdur. Sənsiz bizim dostluq dünyamız məhv olar, Sənsiz qalmaq Sənin dostların üçün dəhşətli gələcək demək olardı.

Kitabın 334-cü səhifəsində yazdığını heç cür qəbul etmirik. Sən yazmısan:

"Yır-yığış etmək vaxtıdı,
Dur ayağa, getmək vaxtıdı,
Dünyadan itmək vaxtıdı,
Bu vaxt bir də ələ düşməz".

Sənin getmək vaxtın deyil. Qayıt öz həyatsevər ovqatına!

Amma kitabının 358-ci səhifəsində yazdığını oxuyanda bir qədər rahatlandım:

"Üzümə baxma, üzüm səni aldadar,
Gözümə baxma, gözüm səni aldadar.
Heç inanma, sözüm səni aldadar -
Mənim özümü aldadıb..."

Yuxarıda verilən qəmgin fikirlərinə aldanmadığımı bil! Təkcə mən yox, heç kim Sənin o ruhu əzən fikirlərinə aldanmaz.

Mənim xalqımın dahi və müdrik alimi, yazıçısı, mütəfəkkiri! Allah Səni qorusun!!! Mənim hər zaman inandığım böyük Yaradanın Səni hifz edəcəyinə inanıram.

Sənə sevgisi sonsuz olan dostun.

Vaqif ABBASOV
Akademik


"Bu kitab yeni dövrdə oxuculara ilk hədiyyən olsun"


Tehsil-press.az

Oxşar xəbərlər