Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib

Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM) təşkilatçılığı ilə həyata keçirilən “KitabLab” layihəsinə start verilib. Layihə çərçivəsində universitetdə ilk görüş BAAU-nun rektoru, dosent Səyavuş Qasımov ilə yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq Rövşən Abdullaoğlu və Qədim Qala Nəşriyyatın direktoru Şöhlət İxtiyaroğlu arasında baş tutub. Görüş zamanı tələbələr arasında kitab və mütaliəyə marağın artırılması, eləcə də universitetin intellektual və mədəni mühitinin daha da zənginləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

S.Qasımov universitetin tələbələrinin intelektual inkişafına və kitab oxuma vərdişlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O, “KitabLab” layihəsinin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu bildirərək, layihənin tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

R.Abdullaoğlu və Ş.İxtiyaroğlu BAAU-nun ali təhsil ocağı kimi bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib və davamlı olmasını arzulayıb. Onlar universitetdə kitaba marağın artırılması və mütaliə mədəniyyətinin inkişafına dəstək göstərməkdən məmnun olduqlarını diqqətə çatdırıblar.

Görüşün sonunda R.Abdullaoğlu rektor S.Qasımov tərəfindən BAAU-nun tələbələri ilə keçirilən səmərəli və maarifləndirici görüşə görə təşəkkürnamə ilə təltif edilib.
Sonra, BAAU-nun Kitabxana və İnformasiya Mərkəzində yazıçı R.Abdullaoğlunun oxucuları ilə görüşü keçirilib. Görüşdə universitetin akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Görüşdə yazıçının həyat və yaradıcılığına dair maraqlı müzakirələr aparılıb. Oxucular yazıçıya onun psixoloji və fəlsəfi əsərləri, eləcə də müxtəlif dillərdə tərcümə edilmiş kitabları ilə bağlı suallar ünvanlayıblar. Rövşən Abdullaoğlu, kitablarının yazılma prosesindən, əsas mövzulardan və oxuculara ötürmək istədiyi mesajlardan danışaraq, kitab oxumağın fərdi və cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda yazıçı oxucular üçün kitablarını imzalayıb.

Layihə çərçivəsində 2025-ci ilin 19-20 fevral tarixlərində universitetdə Qədim Qala Nəşriyyatının kitab satış sərgisi də təşkil olunub. Sərgidə müxtəlif janrlarda kitablar – bədii, elmi, psixoloji, biznes və fərdi inkişaf sahələri üzrə nəşrlər təqdim edilib. Tələbə və müəllimlər sərgidə iştirak edərək, onları maraqlandıran kitabları alıblar.

“KitabLab” layihəsi çərçivəsində növbəti aylarda universitetdə müxtəlif nəşriyyatların iştirakı ilə növbəti kitab satış sərgilərinin keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi tələbələr arasında kitab oxuma mədəniyyətini təşviq etmək, onların yazıçılarla birbaşa ünsiyyət qurmasını təmin etmək və universitetin intellektual mühitini daha da gücləndirməkdir.

Qeyd edək ki, BAAU KTM tərəfindən həyata keçirilən bu layihə universitetin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq gənclərin elmi və mədəni inkişafına töhfə vermək məqsədilə təşkil olunub.

Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib
Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib
Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib
Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib
Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib
Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib
Bakı Avrasiya Universitetində “KitabLab” layihəsinə start verilib


Tehsil-press.az

Oxşar xəbərlər