BDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir

BDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il 4–5 iyun tarixlərində Sinqapur Respublikasının paytaxtı Sinqapur şəhərində Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Quacquarelli Symonds” (QS) Agentliyinin təşkilatçılığı ilə keçirilən “EduData Summit-2025” beynəlxalq tədbirində iştirak edir. Sammit ali təhsil sahəsində məlumatların idarə olunması, böyük məlumatların analizi və təhsil analitikası üzrə dünyanın nüfuzlu tədbirlərindən biridir. Tədbir hər il dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, strategiya üzrə mütəxəssisləri, informasiya texnologiyaları üzrə rəhbərləri, data analitiklərini və təhsil innovatorlarını bir araya gətirir.

Builki Sammitin əsas məqsədi məlumatların yalnız toplanılması və ölçülməsi ilə kifayətlənməyib, onların düzgün şəkildə analizi, digər sahələrlə əlaqələndirilməsi və gündəlik idarəetmədə effektiv istifadəsi yollarını müzakirə etməkdir. Tədbirdə təhsildə məlumat ekosisteminin yaradılması, performansın daha dərindən başa düşülməsi, ağıllı tələbə qəbulu strategiyaları və tədris prosesində yeni metodların tətbiqi əsas müzakirə mövzuları olacaqdır. Sammit çərçivəsində “Ağıllı işə qəbul: səfər xəritəsini müəyyənləşdirmək üçün təyinatı anlamaq”, “Performansı anlamaq” və “Tədris və öyrənmə üçün yeni üsullar” kimi sessiyalar keçiriləcəkdir.

QS tərəfindən təşkil olunan bu nüfuzlu beynəlxalq tədbirdə iştirak BDU-nun məlumat əsaslı idarəetmə modelinin təkmilləşdirilməsi, beynəlxalq trendlərlə tanışlıq, qabaqcıl təcrübələrin öyrənilməsi və Universitetin dünya reytinqlərində mövqeyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sammitdən əldə ediləcək bilik və təcrübə, həmçinin beynəlxalq tərəfdaşlıq imkanları BDU-nun rəqəmsal transformasiya, keyfiyyətin artırılması və innovativ yanaşmaların tətbiqi strategiyasına töhfə verəcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər