Bunu açıqlamasında Beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov deyib.
Sülh müqaviləsinin Parafdan imzaya: beynəlxalq hüquqi əhəmiyyəti
Ekspertin sözlərinə görə, Birgə Bəyannamədə yer alan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması beynəlxalq müqavilə hüququ baxımından (Vyana Konvensiyası, 1969) artıq mətnin razılaşdırılması və siyasi öhdəliyin qəbul edilməsi deməkdir. Vyana Konvensiyasına görə Paraflama mətnin razılaşdırıldığını təsdiq edir. Müqavilənin obyekti və məqsədi artıq qəbul edilib, dəyişdirilməsi yalnız qarşılıqlı razılıqla mümkündür. Ratifikasiya mərhələsi daxili hüquqi prosedurların tamamlanması ilə sənədə hüquqi qüvvə verir. Həmin mərhələ, hüquqi baxımdan, münaqişənin “atəşkəs” fazasından tam hüquqi sülh rejiminə keçid deməkdir.
Qeyd olunub ki, ATƏT-in Minsk Qrupu da 30 ildən çox mövcud olsa da, effektiv nəticə verə bilməmiş beynəlxalq vasitəçilik mexanizmi kimi tarixə qovuşur. Bu, beynəlxalq hüquqda nadir presedentdir. Vasitəçilik mandatı olan beynəlxalq platforma Tərəflərin birgə qərarı ilə bağlanır. Gələcəkdə sülh prosesləri daha çevik və nəticəyönümlü ikili diplomatiya və ya ABŞ kimi qlobal güclərin siyasi zəmanəti ilə aparılacaq.
Nəqliyyat - kommunikasiya bağlantıları və “Tramp Marşrutu”: iqtisadi diplomatiya hüququ
K.Qənbərov bildirib ki, Bəyannamədə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılması Azərbaycanın tranzit suverenliyinin tanınması deməkdir. Bu, həm də Ermənistanın beynəlxalq ticarət şəbəkəsinə çıxışını təmin edəcək. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi beynəlxalq iqtisadi hüquq prizmasında:
-BMT Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq;
-ÜTT prinsiplərinə inteqrasiya;
-ABŞ-ın siyasi zəmanəti və regiondakı iqtisadi inteqrasiya üçün hüquqi çərçivə.
Bəyannamədə BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə istinad, beynəlxalq hüquqda üç əsas prinsipi möhkəmləndirir:
-Territorial integrity - Sərhədlərin toxunulmazlığı;
-Non-use of force - Güc tətbiq etmənin yolverilməzliyi;
-Non-retaliation – Qisas cəhdlərinin rədd edilməsi.
Həmin prinsiplər gələcəkdə münaqişənin yenidən alovlanması ehtimalını minimuma endirir və beynəlxalq sülh mədəniyyətinə uyğun model yaradır.
Vaşinqton görüşünün ABŞ - Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq modelinə yüksəltdiyini deyən ekspert fikirlərinə belə davam edib: "Vaşinqton Bəyannaməsi sadəcə bir diplomatik sənəd deyil - bu, müharibədən sülhə keçidin beynəlxalq hüquq əsasında möhkəmləndirilməsinin nümunəsidir. Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik mərhələdə Azərbaycanın milli maraqlarını qoruyaraq regionun geosiyasi xəritəsini dəyişdi. Həmin sənəd həm də gələcək nəsillər üçün sülh, əməkdaşlıq və beynəlxalq hüquqa sadiqlik irsidir. Dövlətimizin başçısının daha bir uğuru Tramp administrasiyası tərəfindən “Azadlığı Müdafiə Aktı”na əlavə olunmuş 907-ci düzəlişin icrasının dayandırılması sənədinin imzalanmasıdır. Qeyd etmək lazımdır ki, həmin düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın Ermənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək, ölkəyə dövlət yardımını qadağan etmişdi. Həmin ədalətsiz qərar da ləğv olundu.
Ümumiyyətlə qeyd edək ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə, kağız üzərindəki sadə diplomatik sənəd olmaqdan daha artıqdır. Bu sənəd Cənubi Qafqazın gələcək taleyinə yön verə biləcək Siyasi Yol Xəritəsidir.
Prezident İlham Əliyevin görüşdə nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharəti, sadəcə olaraq, müasir dövrün liderlik etalonuna çevrildi. ABŞ Prezidenti Donald Trampın özü də görüş zamanı dəfələrlə vurğuladı ki, Prezident İlham Əliyev dərin strateji təfəkkürə malik liderdir. Tramp mətbuat qarşısında Azərbaycan Prezidentinin yüksək intellektindən, siyasi çevikliyindən və geosiyasi balans yaratmaq bacarığından heyranlıqla danışaraq, onun regional və dünya siyasətində oynadığı rolu açıq şəkildə təqdir etdi. Hətta dövlətimizin başçısının heç bir kağızdan (əvvəlcədən hazırlanmış konspektən) istifadə etməyərək professional çıxışı belə ABŞ Prezidenti Trampda gizlədilə bilməyən yaxşı təəssürat yaratdı və Tramp İlham Əliyevdən bu savadın və məharətin sirrini öyrənmək üçün "Siz neçə ildir ölkənizdə rəhbər vəzifədə çalışırsınız?" sualını verdi.
Əminliklə deyə bilərik ki, Üçtərəfli bəyannamənin ruhunu və mahiyyətini müəyyən edən əsas xətt də məhz Prezident İlham Əliyevin illərlə apardığı prinsipial, ardıcıl və strateji siyasətin nəticəsi idi. Onun rəhbərliyi ilə Azərbaycan nəinki müharibədə qalib gəldi, həm də sülh prosesində siyasi və mənəvi üstünlüyünü qoruyub saxladı. Vaşinqtonda imzalanan bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiq olundu. Bu, Azərbaycan Prezidentinin siyasi beynəlxalq aləmdə qazandığı etimadın canlı sübutudur".
Tehsil-press.az