Botanika İnstitutunun əməkdaşları “Arid Torpaqlarda Bioloji Müxtəlifliyin Qorunması və Davamlı İstifadəsi” üzrə 3-cü Beynəlxalq Konfransda iştirak edib

Botanika İnstitutunun əməkdaşları “Arid Torpaqlarda Bioloji Müxtəlifliyin Qorunması və Davamlı İstifadəsi” üzrə 3-cü Beynəlxalq Konfransda iştirak edib AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Mürsəl qızı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Orucova Çin Xalq Respublikasının Sincan əyalətinin Kaşqar və Urumçi şəhərlərində keçirilən “Arid Torpaqlarda Bioloji Müxtəlifliyin Qorunması və Davamlı İstifadəsi” üzrə 3-cü Beynəlxalq Konfransda iştirak ediblər. Konfransın əsas mövzusu Arid Torpaqlarda 30x30 Hədəfi gücləndirmək üçün açıq elm və bilik mübadiləsi olub. Konfrans Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutu ilə Kaşi Universiteti, Biomüxtəlifliyin Qorunması və Davamlı İstifadəsi üzrə Çin-Tacikistan Kəmər və Yol Birgə Laboratoriyası, Mərkəzi Asiyanın Ekologiya və Ətraf Mühit üzrə CAS Araşdırma Mərkəzi, Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı” (BCAA), Özbəkistanın Namanqan Dövlət Universiteti, Sincan Botanika Cəmiyyəti, Sincan Zooloji Cəmiyyəti və Sincan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransın açılış nitqini Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun və Biomüxtəlifliyin Qorunması və Davamlı İstifadəsi üzrə Çin-Tacikistan Kəmər və Yol Birgə Laboratoriyasının baş direktoru professor Zhang Yuanming edib. Açılış mərasimi Çin Xalq Respublikası Ekologiya və Ətraf Mühit Nazirliyinin Təbii Ekologiyanın Mühafizəsi Departamentinin, YUNESKO-nun Şərqi Asiya Regional Ofisinin, Çin Elmlər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Bürosunun, Bioloji Müxtəliflik Konvensiyasının (SCBD) Katibliyinin, Kashi Universitetinin rəhbər və səlahiyyətli nümayəndələrinin salamlama çıxışları ilə davam edib.

Plenar iclaslar və sessiya çıxışları ilə davam edən konfransın “Açıq elm və biomüxtəliflik biliklərinin mübadiləsi” adlı 1-ci sessiyasında professor Səyyarə İbadullayeva və dosent Nigar Mürsəl qızı Azərbaycanın quraq ərazilərində bitki örtüyünün monitorinqinin nəticələrinə dair 2 məruzə ilə çıxış ediblər. Məruzələrə dair müxtəlif ölkələrdən (İtaliya, Gürcüstan, Pakistan, Çin və s.) olan alimlərin sualları cavablandırılıb və gələcək əməkdaşlığa dair təkliflər irəli sürülüb.

Konfransın bağlanış mərasimində AR ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva BCAA-ya üzv təşkilatların rəhbərlərinə təqdim olunan üzvlük mükafatı ilə təltif olunub.

Konfrans çərçivəsində Kaşi Universitetinə kampus turu təşkil edilib. Urumçi şəhərində Çin Elmlər Akademiyası Sincan Ekologiya və Coğrafiya İnstitutunun nəzdində olan təcrübə sahəsinə baxış keçirilib, orada aparılan işlər, kolleksiyalar barəsində məlumat verilib. Səhra bitkiliyinə dair tədqiqatlarla tanış olmaq üçün müxtəlif ölkələrdən olan alimlər iştirakı ilə ekspedisiya təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər