Botanika İnstitutunun əməkdaşları Macarıstan Respublikasında ezamiyyətdə olublar

Botanika İnstitutunun əməkdaşları Macarıstan Respublikasında ezamiyyətdə olublar AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva, Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, dosent Dilzarə Ağayeva, Herbari şöbəsinin müdiri, dosent Pərvanə Qaraxani, Elmi katib Nigar Mürsəl qızı Macarıstan Respublikasında elmi-işgüzar səfərdə olublar. Səfərin məqsədi Vakratot şəhəri Ekoloji Tədqiqat Mərkəzinin Ekologiya və Botanika İnstitutu ilə AR ETN Botanika İnstitutu arasında imzalanmış Anlaşma Memorandumuna əsasən əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlığa dair planları müzakirə etmək olmuşdur.

 Ekoloji Tədqiqat Mərkəzinin Ekologiya və Botanika İnstitutunda professor S.İbadullayeva və dosent D.Ağayeva İnstitutun strukturu, botanika, mikologiya və ibtidai bitkilərin öyrənilməsi istiqamətində klassik morfoloji, müasir eksperimental yanaşmalarla aparılan işlərə dair məruzələrlə çıxış ediblər. Sonra digər xarici alimlərin çıxışları dinlənilib, mövzular ərtafında geniş müzakirələr aparılıb. Görüş zamanı İnstitutun direktoru, professor Peter Odor institutun strukturu, elmi tədqiqat işləri həmçinin, əsas istiqamət olan meşə ekologiyası və meşə dinamikasına dair yerinə yetirilən 20 layihə barədə məlumat verib. Botanika İnstitutunun direktoru, professor S.İbadullayeva memorandum çərçivəsində görüləcək işlər barədə təkliflər səsləndirib və macar həmkarları 2025-ci ilin yay ayında AR ETN Botanika İnstitutu tərəfindən keçiriləcək “Meşələrin tədqiqi və davamlı istifadəsi” adlı foruma dəvət edib.

Səfər müddətində Botanika Bağının direktoru, professor Zsigmond Vince Botanika  Bağına gəzinti təşkil edərək, bağın tarixi, orada aparılan işlər barədə geniş məlumat verib.

Alimlər Kişkunşaq (Kiskunság) Milli Parkında da olublar. Parkın əməkdaşı Morvai Edina tərəfindən parkın yaradılması, fəaliyyəti, təhsil və təlim səfərlərinə dair geniş məlumatlar verilib.

Elmlər dokktoru Zsolt Molnárın müşayiəti ilə Debresen şəhərində yerləşən Debresen Universiteti və Botanika Bağı ziyarət edilib, Hortobágy Herder Muzeyinə baxış keçirilib. Bağın elmlər doktoru Gábor Sramkó Macarıstanın səhləblərinə dair aparılan elmi-tədqiqat işləri çərçivəsində Azərbaycana səfər etdiyini və Qusar rayonu ərazisindən nadir növ olan səhləbkimilər fəsiləsinə aid Himantoglossum formossum bitkisini topladığı barədə məlumat verib. Sonda Azərbaycanın simvolu olan xarı bülbül bitkisinin də düzgün taksonomik statusunun dəqiqləşdirilməsi üçün birgə tədqiqatların aparılmasının mümkünlüyü müzakirə olunub və bu barədə səylərin birləşdirilməsi üzrə ilkin razılığa gəlinib. Professor Attila Molnár Etnobotaniki tədqiqatlara dair məruzəsində süpürgə kimi istifadə edilməsi mümkün olan bitki növləri barədə məlumat verib.

Alimlərin səfəri Budapeştdə yerləşən Eötvös Loránd Universitetində çalışan professor Gábor M. Kovács ilə birgə mikoloji tədqiqatların aparılmasına dair əməkdaşlıq üçün ilkin danışıqlar yekunlaşıb.   

Tehsil-press.az

Oxşar xəbərlər