Azərbaycanın əhali strukturu son 10 ildə nəzərəçarpacaq dərəcədə dəyişib. Hesablama Palatasının təqdim etdiyi yeni rəqəmlər ölkədə yaşlanma prosesinin sürətləndiyini göstərir. Məlumata görə, əmək qabiliyyətli yaşda olan (20-64 yaş) hər 100 nəfərə düşən yaşlıların (65+) sayı davamlı olaraq yüksəlir:
2021-ci il - 12,7 nəfər
2022-ci il - 13,6 nəfər
2023-cü il - 14,7 nəfər
2024-cü il - 16 nəfər
Bu o deməkdir ki, Azərbaycanın əhalisində yaşlıların yükü artır və pensiya sisteminə düşən təzyiq güclənir. Müqayisə üçün 2025-ci ildə bu göstərici Türkiyədə 17,3, Polşada 36,4, Çexiyada 37,1, Estoniyada 39,2 nəfər olacaq. Azərbaycan Avropa ölkələrinə nisbətən hələ də gənc ölkə sayılsa da, artım tempi onlardan geri qalmır və tendensiya çox sürətlidir. Hesabat göstərir ki, son 10 ildə ümumi əhali 6,8% artıb, amma eyni dövrdə 0-19 yaş aralığındakı insanların sayı artmayıb, əksinə, payı 30%-dən 28,2%-ə düşüb. 65+ yaşlıların sayı isə tam 77,4% artıb.
Bu dəyişikliklər açıq şəkildə ölkədə uşaq doğumunun azalmasını, gənc ailələrin sayının azalmasını göstərir. Statistika da bunu təsdiqləyir. Yeni doğulan uşaqların sayı 38,5% azalıb, nikahların sayı 27,1% azalıb, boşanmalar isə 68,9% artıb.
Yaşlı əhali qrupu genişləndikcə pensiya sistemi üzərindəki yük də artır. Rəsmi məlumatlara görə, 2024 və 2025-ci illərin müxtəlif dövrlərində pensiyaçıların təxminən 70 faizi 65 yaşdan yuxarı şəxslərdən ibarət olub. Bu isə növbəti illərdə pensiya xərclərinin artacağını və dövlət büdcəsinə əlavə təzyiq göstərəcəyini deməyə əsas verir. Demoqrafik strukturda yaşlanma prosesinin sürətlənməsi uzunmüddətli dövrdə əmək bazarına, sosial təminat sisteminə və pensiya siyasətinə yenidən baxılmasını tələb edə bilər.
Sosioloq Məhbubə Mehdiyeva bildirdi ki, müasir dövrdə əhalinin yaşlanması qlobal demoqrafik tendensiyalardandır və sosial-iqtisadi, eləcə də dövlət siyasəti sahələrində strateji əhəmiyyət daşıyır: “Dünyada doğum səviyyəsinin azalması, ömür uzunluğunun artması, miqrasiya proseslərinin dəyişməsi və urbanizasiya kimi faktorlar əhalinin yaş strukturunda köklü dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər yalnız statistik göstəricilərlə məhdudlaşmır, həm də əmək bazarı, sosial təminat sistemi, pensiya siyasəti və əhalinin sağlamlıq vəziyyətinə strateji təsir göstərir. Azərbaycanın demoqrafik göstəriciləri ölkədə yaşlanma prosesinin sürətləndiyini açıq göstərir. Son illərdə əmək qabiliyyətli yaşda olan (20-64 yaş) hər 100 nəfərə düşən 65 yaş və yuxarı şəxslərin sayı artıb, 0-19 yaş aralığındakı şəxslərin sayı azalıb. Doğulan uşaqların sayı, nikahların sayı azalıb, boşanmalar isə əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə ölkənin əhalisinin sayı təxmini 10 milyon civarında, median yaş (ortanca yaş) isə 33-34-dür. Əhali sıxlığı orta səviyyədədir, 0-14 yaş arası əhali isə ümumi əhalinin təxminən beşdə birini təşkil edir. Bu göstəricilərə əsasən deyə bilərik ki, Azərbaycan hələ gənc ölkə statusunu qorusa da, yaşlanma prosesi sürətlənir və gələcəkdə sosial-iqtisadi sahələrdə qabaqlayıcı tədbirlər zəruridir”.
M.Mehdiyevanın sözlərinə görə, yaşlı əhalinin artması və gənc aktiv əhali payının azalması əmək bazarında bir sıra mühüm dəyişikliklərə səbəb olur: “Gənc işçi qüvvəsinin azalması istehsal və xidmət sahələrində çatışmazlığa gətirib çıxara bilər. İşçi qüvvəsinin struktur dəyişməsi yaşlı əməkdaşların texnoloji adaptasiyası və iş şəraitinə uyğunlaşdırılmasını tələb edir. Ömür boyu öyrənmə proqramları, çevik pensiya yaşının tətbiqi və yaşlıların əmək bazarında aktiv qalması işçi bazarının dayanıqlığını qorumağa kömək edir. 65 yaş və yuxarı şəxslərin sayının artması pensiya fondları və sosial xidmətlər üzərində əlavə yük yaradır. Hər 100 əmək qabiliyyətli yaşda olan şəxsdən 16-ya yaxının yaşlı olması sosial təminat sisteminin dayanıqlılığı üçün qabaqlayıcı tədbirlər tələb edir. Bu kontekstdə dövlət üçün əsas çağırışlar arasında pensiya sisteminin modernləşdirilməsi, yaşlılar üçün sosial xidmətlərin genişləndirilməsi və nəsillərarası ədalət prinsiplərinin qorunması ön plana çıxır”.
Ekspert bildirdi ki, zərərli vərdişlər - tütün, spirtli içkilər, narkotik maddələr və sağlamlıq üçün təhlükəli davranışlar da əhalinin demoqrafik strukturu və sosial?iqtisadi inkişafına ciddi təsir göstərir: “Zərərli vərdişlərin yayılması erkən ölüm halları, xəstəliklərin artması, işçi qüvvəsinin azalması və sağlamlıq xərclərinin çoxalmasına gətirib çıxarır. Gənc nəsildə zərərli vərdişlərin artması doğum səviyyəsinə, ailə planlamasına və ölkənin gələcək demoqrafik profilinə mənfi təsir edir. Bu səbəbdən zərərli vərdişlərlə mübarizə, maarifləndirmə kampaniyaları və profilaktik tədbirlər demoqrafik və sosial siyasətin vacib hissəsidir. Dünya təcrübəsi göstərir ki, yaşlanma prosesi qlobal fenomen olaraq müşahidə olunur. Polşada hər 100 əmək qabiliyyətli şəxsdən 36-37 nəfər yaşlıdır, Türkiyədə göstərici 17 civarındadır, Yaponiya isə dünyanın ən sürətlə qocalan ölkəsi kimi nümunə təşkil edir, burada orta yaş 48-i keçib. Hindistan və İndoneziya kimi gənc əhali üstünlüyü olan ölkələrdə isə əmək bazarı daha dinamik qalır. Bu müqayisə göstərir ki, Azərbaycan hələ gənc ölkə olsa da, yaşlanma sürəti baxımından artım trayektoriyasında yerləşir və beynəlxalq təcrübədən öyrənilən qabaqlayıcı siyasətlər faydalıdır. Azərbaycan üçün strateji tövsiyələr əmək yaşının çevik tənzimlənməsi və yaşlıların əmək bazarına inteqrasiyası, ömür boyu öyrənmə proqramlarının genişləndirilməsi, pensiya sisteminin dayanıqlılığının təmin edilməsi, gənc ailələrin dəstəklənməsi və doğum səviyyəsinin artırılması, sağlam yaşlanma üçün profilaktik sağlamlıq xidmətlərinin təşviqi və zərərli vərdişlərin qarşısının alınmasıdır”.
Tehsil-press.az





