İmtahan zallarında yanaşı oturan müxtəlif fakültələrin tələbələri ayrı-ayrı fənlərdən imtahan verirlər. Bu da onların bir-birinə kömək etmələrinin qarşısını alır. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir. İmtahanların keçirildiyi binalarda qayda-qanunlara riayət olunmasını təmin etmək üçün professor-müəllim heyətinin tərkibindən fakültələr üzrə növbətçilər müəyyənləşdirilib. ADPU-nun filialları imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinə və rektorluğa məlumat verirlər.
Məlumat üçün onu da bildirək ki, builki tədris ilində ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Digər kurslar isə Kompüter Mərkəzində elekron-test üsulu ilə imtahan verirlər. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin İmtahan qərargahına müraciət edə bilərlər. İmtahan qərargahının üzvləri mütəmadi şəkildə imtahan zallarında olur, onlara ünvanlanan müraciət və təkliflərlə bağlı müvafiq qeydlər aparırlar. Bununla yanaşı, valideynlərlə əlaqələrin yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir. İmtahan qərargahının üzvləri tərəfindən hər hansı bir müraciətin araşdırılması və qəbul olunmuş qərar qarşı tərəfi qane etmədikdə və ya müraciətlər İmtahan qərargahının səlahiyyətlərinə aid olmadıqda rektorluğa müraciət edilir və qarşı tərəfin iştirakı ilə məsələyə baxılır.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov yanvar ayının 5-də auditoriyalarda olaraq imtahan prosesini müşahidə etmiş, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini vermiş, tələbələrə uğurlar arzulamışdır.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi



