AMEA-nın Şəki Regional Elmi Mərkəzi birillik fəaliyyətinə dair hesabat verib

AMEA-nın Şəki Regional Elmi Mərkəzi birillik fəaliyyətinə dair hesabat verib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin yanvarın 24-də keçirilən növbəti iclasında Şəki Regional Elmi Mərkəzinin (ŞREM) 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı dinlənilib.
ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü mərkəzin fəaliyyətinin fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətləri üzərində qurulduğunu bildirib. “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri”nin icrası ilə bağlı AMEA-nın tədbirlər planına uyğun olaraq mərkəz tərəfindən “Təbii rəngli ipək alınması texnologiyasının patentləşdirilməsi və sənayedə tətbiqinə hazırlanması” istiqamətindəki tədqiqatların davam etdirildiyi vurğulanıb.
Qeyd edilib ki, hesabat ilində səkkiz şöbə üzrə səkkiz mövzu daxilində elmi-tədqiqat işləri yerinə yetirilib. Mərkəzin əməkdaşlarının 45 tezisi, 23 məqaləsi və dörd kitabı nəşr olunub. Alimlərin xarici dərgilərdə, eləcə də impakt faktorlu jurnallarda da məqalələri çap edilib.
Nəzərə çatdırılıb ki, ilk dəfə Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı yergilası (physalis L.) və quşarmudu (sorbus L) dərman bitkilərinin vegetativ orqanlarının kimyəvi və biokimyəvi tərkibi öyrənilib, Azərbaycanın şimal-qərb bölgəsində, Qax və Zaqatala ərazisində 23 növ yabanı dərman bitkisi aşkarlanaraq biomorfoloji göstəriciləri təyin edilib, yayılma arealı müəyyənləşdirilib.
Sonra hesabat təsdiqlənib, alınmış mühüm nəticələr AMEA-nın illik hesabatına daxil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər