Fəxriyyə Xələfova “Miss Union Fashion-2018” beynəlxalq müsabiqəsində iştirak edib

Fəxriyyə Xələfova “Miss Union Fashion-2018” beynəlxalq müsabiqəsində iştirak edib Daşkənddə “Dünyanı gözəllik xilas edəcək” devizi altında “Miss Union Fashion-2018” beynəlxalq müsabiqəsi keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər diplomatlar, bu ölkənin mədəniyyət və incəsənət xadimləri, modelyerlər, dizaynerlər, rəssamlar və diasporumuzun nümayəndələri iştirak ediblər. Özbəkistandakı səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə keçirilən müsabiqəyə Avropa, Asiya və Afrika ölkələrindən dəvət olunan modelyerlər qatılıb.
Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə salonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin tarixi, mədəniyyəti haqqında nəşrlər, AMM-nin kolleksiyasında olan Qarabağ geyimləri, milli musiqi alətləri, xalçalar, suvenirlər nümayiş olunub.
Tədbirdə ölkəmizi tanınmış modelyer, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova təmsil edib.
Müsabiqənin təşkilatçısı, Daşkənddəki “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammadova bildirib ki, bu tədbir Azərbaycanın və Özbəkistanın birgə layihəsidir. O, festivalın təşkilində Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin xüsusi rolu olduğunu vurğulayıb. Xatırladıb ki, Bakıda keçirilmiş “Miss Union Fashion–2016” müsabiqəsində Gürcüstan təmsilçisi Mayya Amamukeli, Avstriyada keçirilmiş “Miss Union Fashion–2017”də Azərbaycan nümayəndəsi Səhər Əkbər qalib olub.
Sonra festivalın münsiflər heyətinin adları açıqlanıb. Onların arasında Fəxriyyə Xələfova da olub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiyanın Tatarıstan, Başqırdıstan respublikalarının nümayəndələri, Yunanıstan, İsrail və digər ölkələrdən gələn qızlar milli paltarda səhnəyə çıxıb, ifa və rəqs məharətlərini göstərib, müxtəlif suallara cavab verib, öz ölkələrinin mədəniyyətini, adət-ənənələrini müasir üslubda təqdim ediblər. Ölkəmizi təmsil edən Lalə Məmmədovanın çıxışı çox bəyənilib. Sonra “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında Fəxriyyə Xələfovanın bu festival üçün məxsusi hazırladığı 12 milli qadın libasından ibarət kolleksiyası nümayiş etdirilib və alqışlarla qarşılanıb. Qeyd edək ki, paltarların hazırlanmasında özbək ipəyindən də istifadə olunub.
Tədbirdə, həmçinin AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri çıxış ediblər.
Festivalın sonunda təşkilatçılar və münsiflər heyətinin üzvləri səhnəyə dəvət edilib. Fəxriyyə Xələfova festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirib, modelyerlərin əl işlərini yüksək qiymətləndirib. O, səfir Hüseyn Quliyevə Azərbaycan və Özbəkistan bayraqları əks edilmiş tablo, Gülnara Muxammadovaya rəsm tablosu təqdim edib. Fəxriyyə Xələfova "Miss Union”un rəmzi olan xüsusi mükafata layiq görülüb, ona hədiyyələr və suvenirlər verilib.
Hüseyn Quliyev təşkilatçılara minnətdarlığını bildirib, tədbirin əhəmiyyətindən danışıb.
Sonra qaliblərin adları açıqlanıb. Qazaxıstan nümayəndəsi Janiya Saidjabbar “Qran Pri”nin sahibi olub. Soqdiana Ramizova (Özbəkistan) birinci, Fulden Uzqucuqlu (Türkiyə) ikinci və Laura İqanomu (Yunanıstan) üçüncü yerə layiq görülüb. Azərbaycan təmsilçisi Lalə Məmmədova “Miss şarm” nominasiyasında qalib olub. Digər iştirakçılar da müxtəlif nominasiyalarda mükafatlar alıblar.

Kəmalə Rəhimli

Oxşar xəbərlər