
Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov çıxışında ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin zaman-zaman mərhələlərlə davam etdiyini vurğulayıb. O, 1937-ci il repressiyalarında da ermənilərin fəal iştirak etdiyini, Azərbaycan ziyalılarına qarşı düşünülmüş plan əsasında hərəkət etdiklərini bildirib. 1946-1948-ci illərdəki deportasiya hadisələrini soyqırımların başqa forması adlandıran H.Məmmədov həmin hadisələrdə də xeyli insanın həlak olduğunu qeyd edib. O, bu faciələrin baş verməsindən indiyədək 100 minlərlə azərbaycanlının qətlə yetirildiyini, məscidlərin, qəbiristanlıqların dağıdıldığını, kəndlər, qəsəbələrin viran edildiyini bildirib.
BSU-nun əməkdaşları yığıncaqdan sonra Qubada Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının qarşısından Memorial Kompleksə qədər davam edən yürüşə qatılmışlar. Onlar Quba Soyqırımı Memorial Kompleksinin qurbanlarının xatirə abidəsinin önünə əklil və gül dəstələri qoymuşlar.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksinin rəhbərliyi BSU əməkdaşlarını komplekslə, kompleksdə quraşdırılmış müasir texnologiyadan istifadə olunmaqla müxtəlif bölgələr üzrə soyqırım faktlarını özündə əks etdirən güşələrlə tanış etmişlər. Bununla yanaşı, ziyarətçilər kompleksdə sərgilənən “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözü ilə” adlı fotosərgiyə və AMEA Tarix institutunun azərbaycanlıların soyqırımına həsr edilmiş kitab sərgisinə baxmışlar. BSU əməkdaşları Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransına qatılmışlar.
BSU-nun Mətbuat Xidməti



