Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş mühazirə

Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş mühazirə Azərbaycan Universitetində sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 180-ci ildönümü münasibətilə mühazirə təşkil olunub. Mühazirəni H.Z.Tağıyev irsinin araşdırıcısı, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov aparıb.
Mühazirədə qeyd olunub ki, 2018-ci il adı xalq tərəfindən ehtiram və fərəhlə çəkilən Hacı Zeynalabdin Tağıyevin yubileyidir. Təvəllüd tarixi bir qədər mübahisə doğursa da, maraqlıdır ki, 1838-ci ildən hesablayanda 180, 1823-cü illə hesablayanda isə 195 il olur. Sağlığında da böyük qiymət verilən nadir şəxsiyyətlərdən olan H.Z.Tağıyev müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısıdır. Fəaliyyətinin böyük bir hissəsi Azərbaycan xalqının müstəqil dövlətinin olmadığı dövrə təsadüf edir. Dövrün mətbuatında daim müsbət epitetlərlə anılıb.
Dövrü əks etdirən şəkil və sənədlərdən ibarət foto-slaydın müşayiəti ilə keçirilən mühazirədə H.Z. Tağıyevin sahibkar və xeyriyəçi kimi keçdiyi yola nəzər salınıb, iştirakçılara kapital yatırdığı sahələr, cümhuriyyət dövründəki fəaliyyəti, cümhuriyyətin yaşaması üçün gördüyü işlər haqqında məlumat verilib. Bildirilib ki, Bakıda böyük layihələrin həyata keçirilməsində, 1918-ci ilin mart-aprel aylarında erməni terrorundan əziyyət çəkən xalqa köməklik göstərilməsində misilsiz xidmətləri olub.
AXC-nin süqutundan sonra Nəriman Nərimanovun səyi ilə Mərdəkandakı bağ evində yaşamasına icazə verilib, 1924-cü ilin 1 sentyabrına qədər burada yaşayıb. 1920-cil ildə Bakı milyonçularının müsadirə olunmuş əmlaklarının siyahısında Hacı Zeynalabdin Tağıyevin adı olmayıb. Sovet dövründə adı sərt repressiyalarla yaddaşlardan silinməyə çalışılsa da, müstəqilliyin bərpasından sonra tarixi xidmətləri layiqli qiymətini alıb.
Sonda müəllim-tələbə heyətinin çoxsaylı sualları cavablandırılıb.
Qonaq Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 2010-cu ildə çap olunmuş “Hacı Zeynalabdin Tağıyev” kitab- albomunu Universitetin kitabxanasına hədiyyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş mühazirəHacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş mühazirə

Oxşar xəbərlər