Bakı Ali Neft Məktəbinin tələbələri Baker Huges-da işə və təcrübəyə başlayır

Bakı Ali Neft Məktəbinin tələbələri Baker Huges-da işə və təcrübəyə başlayır Bakı Ali Neft Məktəbi (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes şirkətilə əməkdaşlığını genişləndirir. Bu münasibətlə BANM-ın rektoru Elmar Qasımov Baker Hughes şirkətinin Rusiya və Xəzər regionunun İnsan resursları üzrə direktoru Bağır Axundov, Azərbaycan və Gürcüstan üzrə İnsan resursları meneceri Sona Novruzova və Miqrasiya məsələləri üzrə meneceri Tural Əhmədovla görüşüb.
Görüşdə rektor Elmar Qasımov Ali Məktəb və onun tədris proqramları, burada oxuyan yüksək intellektli tələbələr, əməkdaşlıq edilən yerli və beynəlxalq şirkətlər, BANM-ın yeni layihələri və imkanları haqqında ətraflı məlumat verib. Rektor həmçinin Baker Hughes kimi nəhəng şirkətin BANM-a və onun tələbələrinə olan marağından sevindiyini bildirib.
Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə İnsan resursları üzrə direktoru Bağır Axundov qeyd edib ki, şirkətin BANM-ın dünya standartlarına cavab verən gənc məzun mütəxəssislərinə böyük ehtiyacı var. Bu məqsədlə Baker Hughes şirkətinin Azərbaycan nümayəndəliyi BANM-ın yuxarı kurs tələbələrinə şirkətdə təcrübə keçməsi üçün müsabiqə elan etmək niyyətində olduğunu və məzunlar üçün karyera imkanlarının yaradılacağını söyləyib. Bağır Axundov həmçinin qeyd edib ki, BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Emiliya Məmmədova Baker Hughes şirkətinə aparıcı sahə mütəxəssisi vəzifəsinə işə qəbul olunub, belə ki o, Rusiya, Qazaxıstan və Azərbaycandan olan 7500 namizəd arasında müxtəlif mərhələlər üzrə keçirilən müsabiqədə qalib gələrək şirkətin əməkdaşları sırasına qoşulub.
Görüş zamanı qərara alınıb ki, BANM-ın dörd tələbəsi iyun ayından başlayaraq Baker Hughes şirkətində istehsalat təcrübəsinə başlasın. Müzakirə zamanı həmçinin şirkətin rəhbər işçilərinin yaxın zamanda BANM-ın tələbələrinə motivasiya xarakterli master-klass təlimlər keçəcəyi dəqiqləşdirilib.
Qeyd edək ki, Baker Hughes dünyanın ən böyük neft və qaz servis şirkətlərindəndir. Şirkətin xidmətləri siyahısına qazma, ehtiyatların qiymətləndirilməsi və yataqların inkişafı daxildir. 90-dan artıq ölkədə fəaliyyət göstərən şirkətin baş ofisi Hyustondadır.
BANM və Baker Hughes şirkəti 2015-ci ildən müqavilə əsasında əməkdaşlıq edir.

Hikmət Əliyev


Bakı Ali Neft Məktəbinin tələbələri Baker Huges-da işə və təcrübəyə başlayır

Oxşar xəbərlər