Azərbaycan alimlərinin növbəti uğurları

Azərbaycan alimlərinin növbəti uğurları Sinqapurun Nanyan Universitetində beynəlxalq konfrans keçirilib.
Tədbirin təşkilat üzvləri sırasında olan, BDU-nun hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyevanın elmi fəaliyyəti haqqında konfransın rəsmi saytında geniş məlumat verilib.
Həmin kafedranın dosenti Mehriban İmanovanın plenar iclasın əsas çıxışçısı kimi məruzəsi maraqla qarşılanıb və konfransın rəsmi saytına daxil edilib.
Dosent M.İmanova Yunanıstan, Fransa, Avstriya, Niderland və s. kimi ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan riyaziyyat elmini ləyaqətlə təmsil edib və bu ilin fevralında dünyanın elm məbədlərindən hesab olunan Kembric Universitetinin keçirdiyi konfransda da uğurla çıxış edib.
Hesablama riyaziyyatı kafedrasının əməkdaşı, AMEA-nın müxbir üzvü, professor Vaqif İbrahimov isə Oksford Universitetinin 2019-cu ildə keçiriləcək konfransında plenar iclasın əsas çıxışçısı kimi qeydə alınıb və məruzəsi ilə bağlı videoçarx konfransın saytında yerləşdirilib.
Qeyd edək ki, professor Qalina Mehdiyeva, professor Vaqif İbrahimov və dosent Mehriban İmanova Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yəhya Məmmədovun banisi olduğu hesablama riyaziyyatı elmi məktəbinin yetirməsidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər