DİM-də “Pearson Vue” test provayderi tərəfindən təqdim edilən imtahanların keçiriləcəyi mərkəz fəaliyyətə başlayıb

DİM-də “Pearson Vue” test provayderi tərəfindən təqdim edilən imtahanların keçiriləcəyi mərkəz fəaliyyətə başlayıb Dövlət İmtahan Mərkəzində (DİM) akademik ingilis dili (PTE Academic) və müxtəlif sahələr üzrə “Pearson Vue” test provayderi tərəfindən təqdim edilən imtahanların keçiriləcəyi mərkəz fəaliyyətə başlayıb.
Artıq “PTE Academic” ingilis dili, eləcə də müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar təqdim edən imtahanları bu qurumda vermək olar.
DİM “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən “PTE Academic”, həmçinin müxtəlif sahələrə aid (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) 100-ə yaxın imtahanı keçirmək hüququnu əldə edib.
Qeyd edək ki, “Pearson VUE” təhlükəsiz şəraitdə onlayn imtahanlar keçirən və test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider hesab olunur. “Pearson VUE” hər il 14 milyondan çox insanın imtahan verdiyi, Microsoft, CFA, CİMA, HP, Cisco, və s. şirkətlərin tərəfdaşı olduğu test mərkəzidir.
Dövlət İmtahan Mərkəzində veriləcək imtahanların siyahısı ilə bu qurumun saytında tanış olmaq mümkündür.
İmtahanlarda iştirak etmək üçün pearsonvue.com saytında hesab açılmalıdır. Daha sonra imtahan veriləcək proqramı seçib şəxsi hesaba daxil olmaq və qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçərkən imtahan veriləcək test mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzini seçdikdən sonra DİM-də mümkün olan imtahan günləri və s. məlumatlar əldə edilir.
Dövlət İmtahan Mərkəzində “PTE Academic” ingilis dili imtahanları həftənin I, III, V günləri saat 10.00–dan 13.00-dək, müxtəlif sahələr (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) üzrə keçirilən digər imtahanlar isə həftənin I və V günləri saat 10.00–dan 13.00-dək, III günü isə saat 14.00-dan 17.00-dək keçirilir.

DİM-in Mətbuat Xidməti

Oxşar xəbərlər